Pənah Hüseyn: “Pensiya üçün sənədlərimi nazirliyə təqdim edəcəm”

Oktyabrın 28-də Xalq Partiyasnın sədri Pənah Hüseynin doğum günüdür. Onun 65 yaşı tamam olur.

P.Hüseynin bu ilki ad gününü digərləndirən fərqləndirən təkcə yubiley yaşı ilə bağlı deyil. AXP sədri bu il pensiya yaşına çatdı. Azərbaycan qanunvericiliyinə görə kişilər 65 yaşda pensiya hüququna malik olurlar.

Globalinfo.az-a açıqlama verən Pənah Hüseyn deyib ki, növbəti həftə sənədlərini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edəcək: “Rəsmi şəkildə 65 yaşım tamamlandı. Artıq pensiya yaşına çatdım. Növbəti həftənin 1-ci günü sənədlərimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verəcəm”.

“Ad gününü necə keçirdiniz” sualına cavab verən Pənah Hüseyn bunları deyib: “Bu gün nəvələrimlə bir yerdə oldum. Ən böyük var-dövlətim onlardı”.

Pənah Hüseyn 28 oktyabr 1957-ci ildə Sabirabad rayonunun Qaraqaşlı kəndində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsini bitirib.

1980–1983-cü illərdə Sabirabad rayonunda kənd orta məktəbinin müəllimi, rayon tarix muzeyinin işçisi olub. 1986-cı ildən Azərbaycan EA-nın Fəlsəfə və Hüquq İnstitutunda laborant, kiçik elmi işçi, elmi işçi vəzifələrində çalışıb.

1988–1991-ci illərdə azadlıq hərəkatında iştirak etmiş, Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından biri olub. 1992-ci ildə Azərbaycan Respublikasının Dövlət katibi, 1993-cü ilin aprel ayından iyun ayınadək Azərbaycan Respublikasının baş naziri vəzifəsində işləyib. 1997–2000-ci illərdə Azərbaycan MEA-nın Fəlsəfə və Hüquq İnstitutunda elmi işçi kimi fəaliyyət göstərib.

Azərbaycan Xalq Partiyasının sədridir.

2005-ci il noyabrın 6-da 63 saylı Sabirabad birinci seçki dairəsindən Azərbaycan Respublikası III çağırış Milli Məclisinin deputatı seçilib. Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü olub.