Övladına “Dilənçi”, “Cındır”, “Gürzəbəyim” adları qoyan valideynlər haqda psixoloq rəyi

Azərbaycanda tövsiyə olunmayan adlarla bağlı işlər davam etdirilir.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutundan verilən məlumat görə, 2014-cü ildə belə adlar toplanıb və məlum olub ki, 1800-ə qədər bu cür ad var.

“Valideynlər tərəfindən “Dilənçi”, “Cındır” kimi adlar övladlarına verilir. Məsələn, birinin nəslində Gürzəbəyim adı olub və indi o adı övladına vermək istəyir. Bu zaman həmin valideynlərə izah edilir ki, “gürzə” və “bəyim”in yanaşı işlənməsi doğru deyil. Bu uşağın gələcək taleyinə təsir edə bilər. Bu səbəbdəndir ki, 18 yaşına çatdıqda bəzi gənclər adlarını dəyişmək üçün müraciət edir”, – professor Sayalı Sadıqova deyib.

Psixoloq Elmir Əkbər Globalinfo.az-a bildirib ki, uşağa ad qoyulması çox həssas məsələdir:

“Düşünmürlər ki, uşaq bu adı necə daşıyacaq… Valideynlər niyə uşağı indidən gülünc yerinə qoyurlar?! Axı ad həm də insanın psixoloji kimliyi deməkdir. İslam dinində də Məhəmməd Peyğəmbər (s) deyir ki, övladlarınız qarşısında borclarınızdan biri də onlara gözəl, düzgün ad seçməyinizdir. Bir dəfə layihə çərçivəsində 1-ci sinif şagirdləri ilə görüşdə uşaqdan ən böyük arzusunun nə olduğunu soruşduqda, o, bunun böyüyəndə adını dəyişdirmək olduğunu dedi. Mən uşağın o sözündən çox təsirləndim”.

Ekspert qeyd edib ki, uşağa ad qoyulanda valideynlərə ciddi tövsiyələr verilməlidir:

“Bu çox ciddi psixoloji travmaya, komplekslərə səbəb olur. Nəticədə gələcəkdə uşaq özünə qapanmış olur və cəmiyyətdə özünə layiq yeri tuta bilmir. Elə insanlar var ki, adının səslənməməsi xatirinə hər hansı layihələdə iştirak etmir. Düşünür ki, ictimai yerdə onun adı çəkiləndə hamı güləcək”.

Sosioloq Əhməd Qəşəmoğlu isə bildirib ki, övladına eybəcər adın qoyulması həmin valideynin öz inkişaf səviyyəsi, eyni zamanda məlumatsızlığı ilə bağlıdır:

“Bəzi insanlara adın mənasından daha çox, səslənməsi ona xoş gəlir. Yaxud, bəzi valideynlər övladlarının adını filmlərdən götürür. Bəziləri isə deyirlər ki, adı Qurani-Kərimdən götürmək lazımdır. Onlar da Quranı açıb fərqinə varmadan şeytan, cin adı da qoyurlar. Bu, əhalinin inkişaf səviyyəsinin göstəricisidir. Müəllim işləyəndə bir qız tələbəmin adını atası Canan qoymuşdu. Qurani-Kərimin özündə deyilir ki, valideynin ilk vəzifəsi övladına gözəl ad qoymaqdır. Gözəl ad ömür boyu insanı müsbət düşüncələrə kökləyir. Uşağa sıxıntı, utancaqlıq gətirən ad, yaxud həm oğlanlara, həm də qızlara qoyulan bəzi ortaq adlar hər zaman gərginlik yaradır”.

Sosioloq hesab edir ki, bu məsələdə maarifləndirmə işinə böyük ehtiyac var:

“Eyni zamanda, indi bir çox hallarda da edildiyi kimi, qeydiyyat şöbələrində eybəcər adlardan imtina olunmalı, valideynlərlə izahat işi aparılmalıdır. Bu sahədə kəsrlər var. Buna görə çalışmaq lazımdır ki, insanlarımız mənasını başa düşdüyü, milli ruhumuza uyğun adları qoysunlar”.

Gülnar Səlimova

Globalinfo.az