Onkoloji xəstələrin tibbi sığorta ilə müalicəsi üçün… – Zaur Əliyev

“Azərbaycanda onkoloji xəstəliklərin tibbi sığorta ilə müalicə olunmasına görə hesablamalar aparılır, xarici mütəxəssislər cəlb edilib”.

Globalinfo.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Səhiyyə Nazirliyi və aidiyyəti qurumlarla onkoloji xəstəliklərin müalicəsinin icbari tibbi sığorta çərçivəsində olması üçün bir neçə görüşlər keçirilib: “Hazırda hesablamalar aparılır. Çünki sığorta dəqiq hesablamalar tələb edir. Xarici ölkələrdən də bu işə mütəxəssislər cəlb edilib. Hazırda Türkiyədən mütəxəssislər gözləyirik”.

Agentlik rəhbəri ümid edir ki, məsələ ilə əlaqədar bu ilin sonuna qədər müəyyən hesablama və nəticə olacaq: “Bunun nəticəsində məlum olacaq ki, onkoloji xəstəliklərin müalicəsi icbari tibbi sığorta çərçivəsində necə qarşılanacaq. Adətən ən çox müraciət olunan xəstəliklər nəzərə alınır. Bu gün ölkədə əsasən süd vəzi xərçəngi geniş yayılıb. Yəqin ki, ilk sıralarda həmin xəstəlik nəzərə alınacaq”.