Xəbər verdiyimiz kimi, Milli Onkologiya Mərkəzinin otaqlarından birində partlayış baş verib. Hadisə nəticəsində bir nəfər həyatını itirib. Məlumata görə, partlayış şüa-diaqnostika şöbəsində qeydə alınıb.
Globalinfo.az-a danışan təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev bildirib ki, baş vermiş bədbəxt hadisə ilə bağlı hazırda müvafiq dövlət qurumları tərəfindən araşdırma aparılır:
“Hadisənin dəqiq səbəbləri bu araşdırmaların nəticəsində məlum olacaq. Lakin bir mütəxəssis kimi qeyd etməliyəm ki, xəstəxanalar texniki baxımdan ən mürəkkəb obyektlər sırasına daxildir. Xüsusilə şüa-diaqnostika şöbələri risklərin daha çox cəmləşdiyi sahələrdəndir. Bu tip tibb müəssisələrində partlayışa səbəb ola biləcək bir sıra ciddi amillər mövcuddur. Məsələn, oksigen sistemləri ən həssas nöqtələrdən biridir.
Orxan Musayev
Oksigen sızmasının olduğu mühitdə ən kiçik qığılcım belə partlayışa səbəb ola bilər. Eyni zamanda, diaqnostika cihazlarının soyutma sistemlərində yaranan təzyiq artımı da ciddi təhlükə hesab olunur. Qazın təzyiqi vaxtında boşaldılmadıqda bu, partlayışla nəticələnə bilər”.
Ekspertin sözlərinə görə, ağır tibbi avadanlıqların işləməsi üçün tələb olunan yüksək elektrik yüklənməsi də risk yaradır:
“Naqillərin qızması və ya qısaqapanma mühitdə mövcud olan qazların alovlanmasına səbəb ola bilər. Tibb müəssisələrində texniki təhlükəsizlik daim ciddi nəzarətdə saxlanılmalıdır. Cihazların ümumi vəziyyəti mütəmadi yoxlanmalı, təhlükəsizlik qaydalarına ciddi riayət olunmalıdır. Bir daha qeyd edirəm ki, partlayışın dəqiq səbəbi yalnız rəsmi ekspertiza rəyindən sonra tam şəkildə məlum olacaq. Biz də bu nəticələri gözləyirik”.
Zaira Akifqızı
Globalinfo.az