“Cinsi azlıqların nümayəndələri arasında Xalq artisti də olub”

Böyük Britaniyanın Bakıdakı səfirlik binasının qarşısında səfir Fergus Ouldun LGBT bayrağı qaldırması cəmiyyətdə birmənalı qarşılanmadı. Səfirin bu addımı həm sıravi, həm də ictimai nüfuzlu şəxslərin narazılığına səbəb oldu. Tənqidlərdən sonra isə bayrağın səfirlik binası qarşısından götürüldüyü bildirildi.

Azərbaycanda bu məsələyə birmənalı münasibətin olmadığı nəzər alınaraq, səfirlik binası qarşısında bu bayrağın dalğalandırılması necə dəyərləndiirlməlidir?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Yeganə Hacıyeva bunun Böyük Britaniya üçün normal olduğunu bildirib:

“LGBT+, cinsi azlıqlar, transgender hərəkat və digər marjinal qruplar Avropa mədəniyyətinin tərkib hissəsi sayılır. Əvvəlki zamanlarda özünümüdafiə mövqeyində olan bu qruplar, ən yeni tarixdə hücum edən tərəfə çevriliblər. Ümumiyyətlə təbiətdə və tarixdə LGBT və cinsi azlıq mövzusu var, həmişə də olub. Bu məsələ bəşəriyyətin, təbiətin yazılmamış qanunlarının əksinə çıxdığı üçün tarixin bütün dövrlərində dini kitablarda günah buyurulub.

Səfir Fergus Ould LGBT bayrağı qaldırır

Tarixin müxtəlif zamanlarında LGBT və cinsi azlıq nümayəndəsi olan bəzi insanlar bu cəhətlərinə görə təzyiqlərə məruz qalıblar. Amma dövr dəyişib, günümüzdə Avropa mədəniyyəti əksər qisimdə bu kimi bölünmələri artıq qəbullanıb. Avropa ölkələri də təmsil olunduqları yerlərdə bu amili öz mədəniyyətlərinin bir parçası kimi reklam və tərənnüm ediblər”.

Y.Hacıyeva LGBT və cinsi azlıq məsələsinə Azərbaycan cəmiyyətinin münasibətindən söz açıb:

“Böyük Britaniya səfirinin LGBT bayrağı qaldırmasını bu ölkənin mədəniyyətinin bir parçasının nümayişi kimi qəbul edilməlidir. Səfirliklər olduqları ölkələrdə cəmiyyətin dəyərlərinə hörmət etməlidirlər. Burada azlıq və çoxluq arasında fərq qoymamalıdırlar. Hər hansı tərəfin dəyərlərini reklam etməyə çalışmamalıdırlar. Amma məsələ ondadır ki, bu, Azərbaycan mədəniyyətinin parçası deyil. Baxmayaraq ki, cəmiyyətimiz bu mövzunu qəbul etmir, lakin ümumilikdə ölkəmizdə bu qruplar diskriminasiyaya da məruz qalmırlar. Bütün dünyada onlara qarşı diskriminasiya aparılsa da, bu, Azərbaycan üçün xarakterik olmayıb. Ölkəmizdə cinsi azlıqların nümayəndələri Xalq artisti də olublar, cəmiyyətin bütün sahələrində fəaliyyət də göstəriblər. Daha çox yaradıcı xüsusiyyətlərə malik olduqları üçün incəsənət sahəsində çıxış ediblər.
Fikrimcə, səfirin Azərbaycanda bu bayrağı qaldırması, cəmiyyətin bu məsələyə reaksiyasına hesablanmamış bir addım idi. Amma bu, İngiltərə səfirliyinə qarşı təbliğata əsas vermiş oldu. Onu da qeyd edək ki, sözügedən qrupun nümayəndələri ölkəmizdə hər il etirazlar keçirir, bayraqlarını qaldırırlar və s. Yəni cəmiyyətimizdə belələri də var, sadəcə xalq mövzu ilə bağlı danışmağı sevmir. Məsələ ilə bağlı tənqidi məqam da elə budur. Azərbaycan cəmiyyəti bu məsələnin reklam olunmasını istəmir”.

Yeganə Hacıyeva

Politoloq sözügedən qrupun simvolu kimi göyqurşağının seçilməsinə aydınlıq gətirib:

“Çoxdan müşahidə etdiyim bir məqam, LGBT təbliğatında istifadə olunan göyqurşağı haqqında danışmaq istəyirən. Düşünürəm ki, bu təbliğatda göyqurşağı bayrağı simvolu xüsusi zərgər dəqiqliyi ilə uşaqların şüurunda iz buraxacaq təbliğata hesablanmış bir seçimdir. Aparılan tədqiqat və araşdırmalara görə 90 faiz uşaqlar rəng seçimində göyqurşağı rənglərini sevirlər. Məhz bu məqsədlə təbliğat üçün göyqurşağından istifadə edilir. Bu qrup uşaqların təsəvvüründən göyqurşağını sevgisini oğurlayıb demək olar. Çünki bütün dünyada valideynlər balacalara hədiyyə alanda düşünür ki, göyqurşağı nişanı olanları almaq doğru olar, ya yox. Bunun azyaşlılar üçün təbliğat vasitəsi ola biləcəyi fikri yaranır”.

O bildirib ki, bu qrupun bəzi nümayəndələri əllərində olan imtiyazdan fərqli şəkildə istifadə edirlər:

“Bu gün bütün dünyaya LGBT, transgender, feminist ideologiyaları ənənəvi ideoloji boşluqda olan cəmiyyətlərə ixrac olunur və bu kimi ideologiyalar siyasi, iqtisadi, ekoloji qrupların üzərindən həyata keçirilən alət kimi inkişaf etdirilir. Amma məsələ ondadır ki, adətən imtiyazlı olan bu qrupun nitqindən digərlərinə qarşı nifrət təbliğatı səsləndirilir. Belə təbliğat xətti isə bir həqiqəti yenidən təsdiqləyir: imtiyazlı qrup, fərd, icma və s. daha sonra imtiyazları üzərindən sui-istifadələrə, spekulyasiyalara əl atır. Hazırda buna şahid oluruq. Bütün dünya radikal LGBT və ya radikal feminizm, daha çox aqressiv və hətta ekstremist təmayüllü hərəkatlarla üz-üzədir”.

Mövzu ilə bağlı Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən Globalinfo.az-a bildirilib ki, bu, sadəcə, 17 May – Beynəlxalq Homofobiya, Transfobiya və Bifobiyaya qarşı Mübarizə Günü münasibətilə atılan bir addımdır.

Ayşən Mustafa
Globalinfo.az