Ölkədə sürətli bahalaşma: nə etmək olar? – İqtisadçıdan vacib təkliflər

Demək olar ki, hər gün ölkədə bahalaşma müşahidə olunur. Dövlət Statistika Komitəsi son bahalaşan məhsulların siyahısını yayıb. Düzdür, bahalıq qlobal məsələdir deyilir, amma burada başqa amillərin də rolu var. Sürətli bahalaşmada monopoliyanın, məmur burjuaziyasının, korrupsiyanın, rüşvətin rolu da çoxdur. Bütün bunlar iqtisadi proseslərə mənfi təsir göstərir.

Bəs bu məsələdə İqtisadiyyat Nazirliyinin, Vergilər Xidmətinin, başqa strukturların rolu nədən ibarətdir? Bu tendensiyanın şəxslərə, ölkəyə, idarəetməyə aid hissələrinin qarşısını almaq üçün nə kimi işlər görülür və görülməlidir?

Mövzunu Globalinfo.az-a şərh edən iqtisadçı alim Elşad Məmmədov sürətli qiymət artımını təsdiqləyib. O, bunun bir neçə səbəbi olduğunu bildirib:

“Burada xarici ölkələrin də rolu böyükdür. Dünyada kəskin qiymət artımı baş verir, dünya iqtisadiyyatı dərin struktur böhranla üzləşir və eyni zamanda da geosiyasi amillərin də iqtisadi proseslərə təsirinin şahidi oluruq. Nəticədə ölkəyə inflyasiya idxal edilir. Amma inflyasiyanın idxal edilməsi də xeyli dərəcədə iqtisadi siyasətdəki problemlərlə bağlıdır. Çünki idxalın yüksək səviyyədə olması, idxaldan asılılığın yüksək göstəricilərlə ifadə olunması son nəticədə ölkəyə inflyasiyanın idxal edilməsinə şərait yaradır”.

İqtisadçı deyib ki, bununla yanaşı inhisarçılıq meylləri yüksək səviyyədədir və iqtisadi bəla ilə effektiv mübarizə aparmaq lazımdır:

“Təbii inhisar subyektlərinin tarifləri artırması zəncirvari şəkildə qiymət artımına təkan verdi. Təbii inhisar subyektləri suyun, qazın, elektrik enerjisinin artmasına ciddi təkan verir və biz bunun şahidi oluruq. İstehlak bazarı ilə istehsalçılar arasında effektiv əlaqələrin olmaması, ortada vasitəçilərin mövcudluğu da ölkədəki qiymət artımına ciddi şərait yaradır”.

Elşad Məmmədov

E.Məmmədov effektiv pul-kredit siyasətinin tətbiq edilməməsindən narazı olduğunu bildirib:

“Bank faizlərinin olduqca yüksək olması real sektorun, istehsalatın  xeyli dərəcədə faiz dərəcələrinə çıxış imkanlarının olmamasını göstərir. Bu da ölkədə investisiya siyasətinin, istehsalın inkişafına çox ciddi əngəllər törədir. Bu günkü pul-kredit faizi ilə real olaraq nə idxaldan asılılığın effektiv aradan qaldırılması mümkündür, nə də yerli istehsalın sistemli və kompleksli inkişafı realdır. Bu problemlər aradan qaldırılmalıdır. Problemlərin aradan qaldırılmasında bir tərəfdən Nazirlər Kabinetinin koordinasiya funksiyası effektiv şəkildə işə salınmalıdır və Nazirlər Kabinetinin səlahiyyətləri artırılmalıdır”.

İqtisadçının sözlərinə görə, bank sektorunun fəaliyyətində ciddi dəyişikliklərə nail olunmalıdır:

“Təbii inhisar subyektlərinə təsir imkanları İqtisadiyyat Nazirliyində çoxdur. Ona görə də, düşünürəm ki, İqtisadiyyat Nazirliyi effektiv şəkildə fəaliyyət göstərərək yuxarıda qeyd olunan problemlərin aradan qaldırılmasına nail ola bilər.  Eyni zamanda da bank sektoruna effektiv idarəetmə mexanizmləri gətirilməlidir. Mərkəzi Bankın pul-kredit siyasətinin investisiya artımına xidmət etməsinə dair yanaşmaları olmalı, faiz dərəcələri yumşaldılmalıdır. Ölkədə daxili investisiya institutu effektiv şəkildə  işləməlidir ki, yerli istehsal gücləndirilsin. Çünki inflyasiya ilə mübarizənin ən effektiv üsullarından biri yerli istehsalın gücləndirilməsi, ölkədaxili məhsul və xidmətlər istehsalının artmasıdır”.

Zaira Akifqızı
Globalinfo.az