Olimpiadada transgender qalmaqalı niyə şişirdilib? – Həmin boksçudan üzr istənildi

Parisdə keçirilən Olimpiya Oyunlarında gender testindən keçməyən tayvanlı boksçu Lin Yutinin döyüşməsi müzakirələrə səbəb olub. Hətta İtaliyanın baş naziri Giorgia Meloni deyib ki, kişi genetik xüsusiyyətləri olan idmançılar qadınların yarışlarına buraxılmamalıdır.

Ümumiyyətlə, transgender idmançıların Olimpiya yarışlarına buraxılması nə dərəcədə doğrudur?

Mövzunu Globalinfo.az-a şərh edən idman yazarı Natiq Muxtarlının fikrincə, Parisdə transgender idmançılarla bağlı yaşanan qalmaqalda müəmmalı məqamlar var.

O, bu səbəbdən də məsələ ilə bağlı birmənalı fikir bildirməyin çətin olduğunu qeyd edib:

“İtaliyanın baş naziri ona görə elə danışır ki, italyan idmançı Angela Karini əlcəzairli İman Xeliflə döyüşməkdən imtina edib.

Təkcə İtaliyanın baş naziri yox, bir çox tanınmış şəxslər də İmanın Olimpiadaya buraxılmasını qınayıblar. Amma onların iddiaları nə qədər ədalətlidir?

Məsələ ilə bağlı BOK-un açıqlmasına diqqət edək: “Əlcəzairli boksçu qadın olaraq doğulub, qadın kimi qeydiyyata alınıb, həyatını qadın kimi yaşayıb, qadın kimi boksda olub, qadın pasportuna malikdir”.

Futbol millimizin baş məşqçisi kim olacaq - gözlənti

Natiq Muxtarlı

Bu açıqlamadan sonra İtaliyanın baş nazirinin iddialarında ədalətli olduğunu deyə bilərik? Yox”.

N.Muxtarlı deyib ki, Əlcəzairli idmançı qadındır:

“O, sadəcə, fiziki göstəricilərinə görə kişiyə bənzəyir. Bunun üçün onu ittiham etməliyik? Bu, ona qarşı haqsızlıq deyil? Təsadüfi deyil ki, BOK-un açıqlmasından sonra onunla döyüşməkdən imtina edən italyan idmançı üzr istəyib, səhv etdiyini bildirib.

Hadisələrin belə axarı göstərir ki, əslində transgender qalmaqalı kimlərinsə marağı naminə şişirdilib. Burada haqqı pozulan əslində əlcəzairli idmançıdır. Adam qadın ola-ola, transgender kimi təqdim edildi, tənqidlərə, ittihamlara tuş gəldi.

Təəssüf ki, siyasətçilər, mətbuat da bu kampaniyanın bir hissəsi olmaqla, o idmançının haqqını pozmuş oldu”.

Zaira Akifqızı
Globalinfo.az