Ohanyanın çağırışı Ermənistanı qarışdırdı – Ərazilərimizlə bağlı təxribat

Ermənistanın keçmiş müdafiə naziri, “Hayastan” müxalifət fraksiyasının lideri Seyran Ohanyan Ermənistan hərbçilərini Baş nazir Nikol Paşinyanın qoşunların Azərbaycanın tələb etdiyi ərazilərdən çıxarılmasına dair əmrlərinə tabe olmamağa çağırıb.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Aytən Qurbanova deyib ki, bu çıxış Ermənistan siyasi elitasındakı qarşıdurmanın və hakimiyyət uğrunda mübarizənin növbəti təzahürüdür:

“Azərbaycanın tələb etdiyi ərazilər beynəlxalq səviyyədə tanınmış sərhədlərimiz çərçivəsindədir. Hətta bu kəndlərin geri qaytarılması ilə bağlı müddəalar 10 Noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanatın ilkin mətnində də əks olunmuşdu. Sonrakı mərhələdə keçirilən görüşlərin gündəliyində də bu məsələ hər zaman əsas tələblərimizdən biri olaraq ifadə olunub. Çünki ərazi bütövlüyü ilə bağlı bizim kifayət qədər konkret və qətiyyətli mövqeyimiz var və hazırda Ermənistanın işğalı altında olan kəndlərimizin qeyd-şərtsiz geri qaytarılması məsələsi müzakirəyə açıq mövzu deyil. Yəni bu məsələ Ermənistan tərəfinin və Ohanyankimilərin təqdim etməyə çalışdığı kimi sonradan gündəliyə daxil edilməyib”.

Politoloq qeyd edib ki, delimitasiya və demarkasiya məsələləri üzrə birgə komissiya artıq fəaliyyətə başlayıb və mütəmadi olaraq görüşlər keçirilir:

“Amma bu prosesin qısa müddətdə yekunlaşmayacağını digər qonşu dövlətlərlə olan təcrübədən çox yaxşı bilirik. Yəni həmin kəndlər geri qaytarıldıqdan sonra da bu proses uzun müddət davam edə bilər. Ona görə də Ohanyanın Paşinyanın əmrlərinə münasibətdə hərbçilərə tabesizlik çağırışı delimitasiya üçün qarşılıqlı mexanizmin olmaması iddiasından çox, ölkədaxili hərbi-siyasi qarşıdurmanın kəskinləşməyə davam etdiyinin göstəricisidir.

Unutmayaq ki, bu bəyanatla çıxış edən Ohanyanın rəhbərliyi dövründə ermənilər tərəfindən “keçilməz” olaraq təqdim edilən və Azərbaycan Ordusunun darmadağın etdiyi “Ohanyan səddi” qurulub. Deməli, bizim torpaqlarımızı işğalda saxlaya biləcəkləri xəyallarına inanan Ohanyankimilərinin belə çıxışları həmin ərazilərin nəzarətimizə keçməsinə mane ola bilməməklə yanaşı, sülh prosesinin gecikdirilməsinə yönələrək erməni cəmiyyətindəki revaşistlərin dəstəyini qazanmağı hədəfləyə bilər”.

Turan Rzayev
Globalinfo.az