ABŞ regiondakı F-16-ların sayını artırır: Hədəf bu ölkədir

ABŞ İranın gəmiləri ələ keçirməsinin qarşısını almaq üçün Hörmüz boğazında F-16 qırıcı təyyarələrinin istifadəsini artırır. Pentaqonun məsələ ilə bəyanatında həmçinin, İran, Rusiya və Suriya arasında Yaxın Şərqdə əməkdaşlığın artmasından narahatlıq ifadə edilib.

Maraqlıdır, Vaşinqtonun F-16-ların sayını artırması müdafiə xarakterli addımdır, yoxsa İrana ehtimal hücum hazırlığı?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, İran, Rusiya və Suriya arasında Yaxın Şərqdə əməkdaşlığın artmasında qeyri-adi heç nə yoxdur:

“Bu, yeni xəbər deyil. Əvvəllər də bunun şahidi olmuşuq. Suriyada Bəşər Əsəd rejiminin “Ərəb baharı”na rəğmən ayaqda qalmasının tək səbəbi Rusiya və İranın dəstəyidir. Əks təqdirdə ilk devrilən ərəb lideri məhz Bəşər Əsəd olardı. Amma Əsəd rejiminin hakimiyyətə qalması Suriyada vətəndaş müharibəsi də ən çox ABŞ üçün uğurlu oldu. Rəsmi Vaşinqton Yaxın Şərqdəki mövqelərini gücləndirdiyi kimi özünə sadiq yeni silahlı qruplaşmalar da yaratdı.

Qabil Hüseynli

Lakin ABŞ-ın Yaxın Şərq maraqları hər zaman təhdid altındadır. İran və Rusiya əməkdaşlığı Çinin son illərdə nüfuzunu artırması bu riski də özlüyündə artırır. Buna görə də ABŞ Tramp dövründə Yaxın Şərqdən çıxartdığı qüvvələrini yenidən regiona gətirir. Buna da ilk olaraq F-16-ların sayını artırmaqla başlayır.

Hesab edirəm, bu, hələlik ABŞ maraqlarının qorunmasına hesablanan bir addımdır. Lakin İran təhdidinin artması və rəsmi Tehranın nüvə silahını əldə etmək səylərinin davam etməsi fonunda bu ölkəyə ediləcək müdaxilənin önçü qüvvələri məhz ABŞ F-16-ları təşkil edəcək”.

Turan Rzayev
Globalinfo.az