erdogan ozelden ne istiyor

Türkiyənin əsas müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasında (CHP) bir müddətdir davam edən böhran daha da dərinləşib. Məhkəmə qərarı ilə CHP-yə sədrliyi keçərsiz sayılan Özgür Özəl, tərəfdarları ilə birlikdə yeni siyasi partiya yaradacağını açıqlayıb. Bu addım CHP-nin faktiki parçalanması kimi qiymətləndirilib və hazırda partiyanın 80% üzvünün istefa verərək Özəlin quracağı yeni partiyaya qoşulması gözlənilir.

İndi əsas müzakirə mövzusu yeni partiyanın uğur qazanıb-qazanmayacağı, Özəlin komandasına kimlərin qoşulacağı və bunun CHP üçün sonun başlanğıcı olub-olmayacağıdır. Türkiyə siyasi tarixində böyük partiyalardan ayrılmaqla yeni təşkilatlar yaradılsa da, onların əksəriyyəti uğur qazana bilməyib. Son 30 ildə bunun ən uğurlu nümunəsi isə Rifah Partiyasından ayrılan Rəcəb Tayyib Ərdoğan və dəstəkçilərinin yaratdığı Ədalər və İnkişaf Partiyası (AKP) oldu.

elxan sahinoglu

Elxan Şahinoğlu

Globalinfo.az-a danışan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, Kamal Kılıçdaroğlunun yenidən CHP rəhbərliyinə qayıtmaq cəhdlərindən sonra Özgür Özəlin yeni partiya yaratmaqdan başqa yolu qalmaya bilər:

“Kılıçdaroğlunun yenidən CHP-yə rəhbərlik etməyə çalışacağı təqdirdə, Özgür Özəl üçün yeni siyasi təşkilat yaratmağın ən real çıxış yolu olacağını əvvəl də qeyd etmişdim. Çünki enerjisini CHP daxilində hakimiyyət uğrunda mübarizəyə sərf etməkdənsə, tərəfdarlarını ətrafında saxlayaraq yeni partiya qurması onun üçün daha məqsədəuyğundur. Bu baxımdan o, vaxtilə Rəcəb Tayyib Ərdoğanın keçdiyi yolu təkrarlamağa çalışa bilər.

1990-cı illərdə Rifah Partiyasından ayrılan Rəcəb Tayyib Ərdoğan və silahdaşları AK Partiyanı yaratdılar və ilk parlament seçkilərində hakimiyyətə gəldilər. Özgür Özəl də oxşar ssenarini həyata keçirmək istəyir. Məncə, Kamal Kılıçdaroğlunun seçkilərdə ciddi uğur qazanmaq şansı yoxdur. Özgür Özəlin isə cəmiyyətə yeni alternativ təqdim edəcəyi təqdirdə uğur əldə etmək ehtimalı daha yüksəkdir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: