Sosial şəbəkələrdə yayılan görüntülərdə ölkədə, xüsusilə çimərlik ərazilərində çəyirtkələrin sayında artım müşahidə olunduğu görünür. Bundan əvvəl də şəhərin müxtəlif bölgələrində, o cümlədən fərdi yaşayış evlərinin həyətləri və çoxmərtəbəli binaların eyvanlarında çəyirtkələrin kütləvi şəkildə peyda olması qeydə alınmışdı. Bu dəfə isə Sumqayıtdan yayılan görüntülər əhali arasında narahatlıq yaradıb.
Bu vəziyyət mövsümi xarakter daşıyır, hansı fəsadlara səbəb ola bilər və qarşısının alınması üçün hansı tədbirlər görülməlidir?
Globalinfo.az-a danışan ekoloq Arzu Mustafayev deyib ki, mövcud problemin yaranmasının bir neçə əsas səbəbi var:
“Ən başlıca səbəblərdən biri iqlim dəyişiklikləri ilə bağlıdır. Bu il ölkəmizdə, xüsusilə Kür-Araz ovalığında yağıntıların bol olması və rütubətin yüksək səviyyədə qalması çəyirtkələrin yumurta qoyması və sürfələrinin sağ qalması üçün əlverişli şərait yaradıb. Nəticədə onların populyasiyasında nəzərəçarpacaq artım müşahidə olunur. İkinci mühüm amil hava şəraiti ilə bağlıdır. İstilərin qəfil düşməsi nəticəsində çəyirtkələrin qidalandığı bitkilərin yaş və şirəli hissələri sürətlə qurumağa başlayır. Bu isə onları yeni qida mənbələri axtarmağa vadar edir. Nəticədə çəyirtkələr nəzarətsiz otlaq sahələrdən çıxaraq yaşayış məntəqələrinə doğru hərəkət edir və insanlar da onları daha çox görməyə başlayırlar”.
Ekoloqun sözlərinə görə, üçüncü vacib səbəb isə təbii bioloji tarazlığın pozulmasıdır:
“Çəyirtkələrin təbii düşmənləri olan sərçələr, qaratoyuqlar və digər kiçik quşlar onların sayının tənzimlənməsində mühüm rol oynayır. Təəssüf ki, son illər xüsusilə Bakıda ekoloji vəziyyətin pisləşməsi, yaşıllıqların azalması və yaşayış mühitinin məhdudlaşması quşların sayına mənfi təsir göstərib. Əvvəllər səhərlər quş səsləri ilə oyanırdıqsa, bu gün onların sayı xeyli azalıb. Quşların azalması isə çəyirtkələrin bioloji yolla tənzimlənməsini zəiflədərək populyasiyanın artmasına şərait yaradır”.
A.Mustafayev daha bir məqama diqqət çəkib:
“22 iyun 2026-cı il tarixində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycanı çəyirtkə təhlükəsi baxımından risk zonasından kənarda olan ölkələr sırasında qiymətləndirmişdi. Bu qiymətləndirmə geniş elmi araşdırmalara əsaslanırdı. Ona görə hesab edirəm ki, hazırda müşahidə etdiyimiz vəziyyət dünyada bəzi ölkələrdə rast gəlinən genişmiqyaslı çəyirtkə istilası deyil. Bu, daha çox lokal ekoloji, iqlim faktorlarının təsiri nəticəsində yaranmış müvəqqəti bir hadisədir və kənd təsərrüfatı üçün ümumi miqyasda ciddi təhlükə kimi qiymətləndirilməməlidir”.
Zaira Akifqızı
Globalinfo.az
