heqset 9

“Avropada yerləşdirilən amerikalı hərbçilər Cənubi Amerikada narkokartellərə qarşı mübarizə aparmaq üçün başqa bölgələrə göndərilə bilər”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ müdafiə naziri Pit Heqset deyib.

Pentaqon rəhbəri ABŞ-ın Mərkəzi və Cənubi Amerikadakı hərbi iştirakının genişləndirildiyini qeyd edib.

Heqset Ekvador, Honduras, Qvatemala və Panama ilə tərəfdaşlıq əlaqələrini vurğulayıb.

Onun sözlərinə görə, regionun inkişafı və təhlükəsizliyinin təmin olunması üçün Avropadakı əlavə hərbi qüvvələrdən istifadə oluna bilər.

“Bu qüvvə və vasitələrin bir hissəsi başqa yerlərə – ya ABŞ-a geri qaytarılacaq, ya da terror təşkilatlarına qarşı mübarizə çərçivəsində Qərb yarımkürəsində yeni formatda iştirakın təmin edilməsi üçün yerləşdiriləcək”, – deyə Heqset bildirib.

Qeyd edək ki, daha əvvəl bəzi ABŞ müttəfiqlərinin NATO ilə bağlı Pentaqonda keçirilən görüşə dəvət olunmadığı məlum olub. Vaşinqton ABŞ-ın prioritetlərini pozan hökumətlər üçün “yaxşılar və pislər siyahısı” tətbiq etməklə də hədələyib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: