Nazirin gərgin brifinqi: cavabsız qalan suallar…

“Dünən elm və təhsil naziri Emin Əmrullayevin media nümayəndələri üçün keçirdiyi brifinqdə bir çox məsələlərin cavabı tapılmadı. Nazir jurnalistlərin suallarına keçməzdən əvvəlki çıxışında əsasən müəllimlərin sertifikasiyası, məktəbəqədər təhsil müəsissələrində işə qəbul, eləcə də MİQ müsabiqəsi ilə bağlı bəzi statistik rəqəmləri diqqətə çatdırdı”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Elmin Nuri deyib.

O bildirib ki, nazirin dünənki brifinqinin əsas məqsədi müəllimlərin sertifikasiyası, bağçalarda işə qəbul haqda statistikaya aydınlıq gətirmək idi:

“Jurnalistlərin sualları cari təhsil gündəmini o qədər də əhatə etmədi. 1 sentyabrda dərslərin başlama və bitmə tarixi, şagird sıxlığı, uşaqların 1-ci sinifə yerləşdirilməsi suallarını çıxsaq, yerdə qalan suallar təhsil gündəmi ilə əlaqəli deyildi. Brifinqin əsas məqsədi daha vacib və praktiki təhsil məsələləri haqda nazirə sual vermək və ona cavab almaq olsa da, bir çox məqamlar qapalı qaldı.

Orada bu məsələlər ola bilərdi:

– 15 maydan etibarən 1-ci sinifə şagird qəbulu start götürdü. Bu səpkidə detallara varıla bilərdi;

– Müəyyən qaydalar barədə bəzi suallara aydınlıq gətirilə bilərdi;

– Güzəştlər soruşula bilərdi;

Təəssüf ki, təkcə Abşeron və Xırdalandakı məktəblər haqqında suallar verildi. Məlumdur ki, Abşeron və Xırdalanda limitdən artıq sayda əhali yaşayır və məktəblərdə çatışmazlıq var. Amma bu problem az qala bütün Bakını əhatə edir, valideynlər də narazıdır. Lakin həmin məsələyə toxunulmadı”.

Elmin Nuri

E.Nuri deyib ki, brifinqdə bəzi suallara ümumi kontekstdə cavablar verildi:

“Çünki cavablar daha çox ümumi kontekstə əsasən ünvanlanırdı. Konkret bir detal incələnərək sual şəklində təqdim olunmurdu. Təbii ki, bu qəbildən də suallar var idi, amma ümumi mənzərə məndə bu təəssüratı yaratdı. Çox istərdik ki, məktəblərə qəbul və müəllimlərin sertifikasiyası istiqamətində daha başqa detallara toxunulsun, həm lisey, həm də gimnaziyalara qəbul və yenilənmiş qaydalar haqda nüanslara, şagirdlərin psixoloji durumu barədə görülən işlərə diqqət yetirilsin. O cümlədən, məktəbəqədər təhsil müəsissələri ətrafında suallar cavabsız qaldı. Bəzi səbəblərdən brifinqi alqışlasam da, informasiya tələbatımızın o qədər də ödənilmədiyini düşünürəm”.

Zaira Akifqızı
Globalinfo.az