Üç tanınmış məmur vəzifədən azad edildi – Növbə onlarındır

Növbədənkənar prezident seçkisindən sonra Prezident İlham Əliyevin məmur heyətində ciddi dəyişiklik edəcəyi haqqında məlumatlar mövcuddur. Bu periodda prosesə ədliyyə naziri, Dini Komitə sədri ilə start verildi, “Azəriqaz”ın direktoru ilə davam edir.

Bəs sırada kimlər var? Hansı yüksək vəzifəli məmur yaxın vaxtda yola salına bilər?

Globalinfo.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib ki, Azərbaycanda baş tutan islahatlar kontekstində vaxtaşırı kadr islahatlarının həyata keçirilməsi zərurəti də yaranır:

“İslahatların səmərəliyini təmin edən əsas vasitə kimi institusional qurumların yenilənməsi, yeni idarəetmə formalarının tətbiqi əsas kimi görünsə də kadrların əvəzlənməsi də bu prosesin tərkib hissəsidir. Növbədənkənar prezident seçkilərindən dərhal sonra bu prosesin ardıcıllıqla və zərurət yarandığı halda həyata keçəcəyi ilə bağlı proqnozlar səsləndirilmişdi. Prezident seçkilərindən keçən müddət ərzində bu proqnoz özünü doğrultdu. Son günlərdə yeni kadrların vəzifəyə gətirilməsi də sözügedən prosesin məntiqi nəticəsi kimi qiymətləndirilməlidir. Sonrakı mərhələdə hansı dövlət qurumlarında dəyişikliklər ediləcəyi ilə bağlı, yaxud da hansı dövlət qurumlarının rəhbərlərinin dəyişməsi konstitusion səlahiyyətlərə malik olan Azərbaycan Prezidenti İlham Əliyevin alacağı qərarlardan asılıdır”.

Globalinfo.az bu mövzuda bir neçə dəfə yazıb. Vəzifədən çıxarılacaq məmurlarla bağlı proqnozumuz xeyli doğrulub. AZAL sədri Cahangir Əsgərovun, Dini Komitənin sədri Mübariz Qurbanlının tezliklə işdən çıxarılacaqlarını yazmışdıq. “Azəriqaz”la bağlı bu günlərdə hazırladığımız araşdırmada da bir sıra mətləblərə aydınlıq gətirmişdik. Mediada vəzifədən çıxarılacağı söylənən bir neçə məmurun adı hallanır. Prezident seçkisi öncəsi əksəriyyət deyirdi ki, Nazirlər Kabinetinin tərkibində ciddi dəyişiklik olacaq. Lakin bu deyilənlərin heç biri olmadı. İki nəfərdən Prezident İlham Əliyev Kabinetin tərkibinə toxunmadı. Amma istisna deyil ki, Prezident zamanla daha bir neçə məmuru dəyişəcək. Bu həm yaş faktoru ilə bağlı olacaq, həm də etimadı doğrultmamaqla bağlı.

Safura Bənnayeva
Globalinfo.az