“Nazir bu məsələni parlamentdə açıq şəkildə deməlidir” – Ekspert

“Hazırda dövlət büdcəsi böyüyür, göstəricilərə əsasən, təxminən, 6% artım var. Büdcənin həcmi önəmlidir, amma daha vacib məsələlər şəffaflıq və nəticəlilikdir. Tutaq ki, büdcəmiz 30 milyard olduğu halda onu qeyri-şəffaf xərcləyib, daha az nəticə göstərə bilərik. Buna yola vermək olmaz”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında iqtisadçı Rövşən Ağayev Azərbaycanın 2023-cü il üzrə dövlət büdcəsinin Milli Məclisdə aparılan müzakirələri haqda danışarkən deyib.

Onun sözlərinə görə, şəffaflığın təmin edilməsi zəruri məsələdir:

“Vəsaitin hansı layihələrə ayrılacağı ilə bağlı məlumat verilmir. Rayon və şəhərlər üzrə xərclərin ümumi həcmi var, lakin konkret hər rayonda təhsilə, səhiyyəyə, yol şəbəkəsinə, sosial müdafiəyə nə qədər pul ayrılacağı açıqlanmır. Büdcə birmənalı şəkildə açıq olmalıdır. İstər media, istər millət vəkilləri, istərsə də vətəndaş cəmiyyəti ekspertləri büdcəni oxuya bilməlidirlər”.

R.Ağayev bildirib ki, digər problem Azərbaycanda proqram əsaslı büdcəyə keçidin çox ləngiməsidir:

“Proqram əsaslı prosesdə büdcə proqramlara görə bölünür. Proqramların nəticələrini ölçmək üçün indeqatorlar olur. Məsələn, məktəbəqədər proqramda vətəndaş bilir ki, bu növ təhsilə ayrılan vəsait 30% artırsa, bu, həmin təhsilin inkişafında nəyə səbəb olacaq. Bir neçə ildən sonra vətəndaş cəmiyyəti, media hökumətdən tələb edə bilər ki, bu qədər vəsait artdı, amma keyfiyyət dəyişmədi. Bu isə büdcə xərclərinin səmərəliliyini aşağı salan amildir. Əgər şəffaflıqla proqram əsaslı büdcəyə keçid edilərsə, büdcə müzakirələrinin keyfiyyəti yüksələr”.

Ekspert qeyd edib ki, Azərbaycanda büdcə müzakirələri çox tələsik aparılır:

“Başqa ölkələrdə büdcə müzakirələri ən azı 2 ay davam edir. Türkiyədə hər nazirlik parlamentdən gəlib büdcə istəyir. Hər bir nazir komitələrdə iclaslar keçirərək, büdcəni niyə istədiyini əsaslandırır və pul tələb edir. Bizdə parlament müzakirələrinin formatı dəyişməlidir. Həm uzunmüddətli olmalı, həm də hər bir nazir millət vəkillərindən büdcəni niyə istədiyini əsaslandırmalıdır”.

Zaira Akifqızı
Globalinfo.az