Naxçıvandakı “leşyeyənlər” sinfi haqda gerçəklər: onlar kimdir? – Tanınmış naxçıvanlıdan şok təklif

***20:32

Naxçıvan Muxtar Respublikasında baş verən müsbət dəyişikliklər əhalinin sanki azadlığa qovuşduğu təəssüratını yaradır. Nə qədər acınacaqlı olsa da, MR barədə yayılan son məlumatlar onu göstərir ki, buranın insanları elementar hüquqlara belə malik olmayıb.  

Eyni zamanda Naxçıvan SSRİ dövründə rejim əleyhinə siyasi təşkilatlanmanın əsas mərkəzi kimi tanınıb. Bəzi fikirlərə görə, mövcud qadağalar götürüldükdən sonra 30 il öncəki siyasi aktivlik yenidən bərpa oluna bilər. Naxçıvandakı anormal qadağaların ləğvi mümkündür ki, siyasi proseslərə yeni rəng versin, siyasi dinamikliyi artırsın.

Sərdar Cəlaloğlu

Mövzunu Globalinfo.az-a şərh edən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib ki, indidən Naxçıvanla bağlı konkret nəsə söyləmək tezdir:

“Naxçıvanda yeni rəhbərliyin hansı işlər apara bilib-bilməyəcəyi hələ sual altındadır. Əgər Naxçıvan camaatı əvvəlki kimi yenə də dərhal təzə rəhbəri tərifləmək yolun tutacaqsa, orda heç nə dəyişməyəcək”.

Heydər Oğuz

Ovqat.com saytının baş redaktoru, əslən Naxçıvandan olan tanınmış jurnalist Heydər Oğuz Globalinfo.az-a açıqlamasında bildirib ki, Naxçıvandakı proseslərin nə ilə nəticələnməsi aparılacaq islahatların keyfiyyəti və effektivliyindən asılıdır:

“Naxçıvanda aparılacaq ən önəmli islahatlardan biri köhnə məmur sinfinin təmamilə uzaqlaşdırılıb yerinə daha operativ işləyən əli təmiz insanlar gətirilməlidir. Rifahı yaxşılaşan bir yerdə etirazlar mümkün deyil. İran və Türkiyə ilə sərhəddə yerləşən Muxtar Respublikanın bu ölkələrlə ticari əlaqələrinin inkişafı insanların rifah səviyyəsini yaxşılaşdırar.

İslahatlar aparılmasa, proses hətta qisas almalarla nəticələnə bilər. Orada bir çox iş adamlarının mülkləri müsadirə edilməklə yanaşı, adlarına kreditlər yazılıb və onlar dövlətdən borclu hala gətirilib. İş adamlarına verilən kreditlər Vasif Talıbovun əlaltıları tərəfindən mənimsənilib, kreditin 4-5 mislində girov qoyduqları əmlakları əllərindən çıxarılıb. Bunun qarşısını almaq üçün həmin iş adamlarına maliyyə amnistiyası verilməlidir, çünki onlar kredit üzü görməyiblər. Vasif Talıbov rejiminin aparıcı şəxslərindən o kreditlər alınmalıdır. Talıbov və əlaltılarının mənimsədiyi pullarla yeni fond yaratmaq olar”.

H.Oğuz qeyd edib ki, Naxçıvanın muxtar hüququ ləğv olunmalı, ümumiyyətlə Azərbaycan daha çox Qərb qaydalarına uyğun idarəçilik sisteminə qovuşmalıdır:

“Görünür, bu işə Naxçıvandan başlanılıb. Düşünürəm ki, bu, tezliklə Qərb yönümlü islahatlarla nəticələnəcək və bütün Azərbaycana yayılacaq. Amma görünən odur ki, orada “5-ci kolon” bəzi islahatları sabotaj etməyə çalışır. Yəqin ki, Azərbaycan hökuməti bunun qarşısını tezliklə alacaq. Ən önəmli addım kimi “leşyeyənlər” sinfi müvafiq qaydada cəzalandırılacaq. Onların qəsb etdiyi əmlakları müsadirə dilməli, özləri də həbs olunmalıdır. Yeni fond yaradılıb vəsaitlər bura köçürülməli, iş görən insanlara verilməli və ya öz sahiblərinə qaytarılmalıdır. Bu istiqamətdə işlər getsə də, proses yubanır. Görünür, çox böyük islahatlara getmək istəyirlər. Yəqin ki, referendum yolu ilə status ləğv edilərsə, ordakı sistem də avtomatik olaraq ləğv olunar. İş dünyasının önü açılarsa, Naxçıvanda problemlər qalmaz”.

H.Oğuz əlavə edib ki, Naxçıvanda Sovet hakimiyyəti dövründəki milli azadlıq hərəkatı rejimə qarşı mübarizə aparırdı, amma indi Azərbaycan müstəqildir:

“Naxçıvanda doğru siyasət yürüdülərsə, o cür aksiyalar ola bilməz. Naxçıvanda Rusiyanın “5-ci kolon”unu zərərsizləşdirib, Qərbyönümlü sistem qurmaq lazımdır. Azərbaycandakı “5-ci kolon”un önəmli şəxslərinin vurulacağını, əmlaklarının əlindən alınıb həqiqi sahiblərinə qaytarılmasını gözləyirəm. Bu prosesin tezliklə Azərbaycanın digər rayonlarına yayılacağına ümid edirəm”.

Gülnar Səlimova
Globalinfo.az