Naxçıvanda əməliyyatların 1 ili: Talıbovsuzlaşdırma MR-ə nə verdi? – İki rəy

Naxçıvan Muxtar Respublikasında keçirilən antikorrupsiya əməliyyatından artıq 1 il ötür. Maraqlıdır, Naxçıvan MR Ali Məclisinin sabiq sədri Vasif Talıbovun hakimiyyətdən gedişi bütövlükdə bu bölgəyə və Azərbaycana nə verdi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Ovqat.com saytının Baş redaktoru, siyasi şərhçi Heydər Oğuz deyib ki, Vasif Talıbovun hakimiyyətdən uzaqlaşdırılmasından sonra bir çoxları kimi onun da müəyyən ümidi yaranıb.

O bildirib ki, ilk ümidi Talıbovun hakimiyyətdən uzaqlaşdırılmasından sonra ölkədə yeni bir kadr və struktur islahatlarının yaranacağı olub:

“Vasif Talıbovun vəzifədən uzaqlaşdırılmasından sonra yaranan bu ümidlər özünü tam doğrultmadı. Naxçıvanda yaxşı işlərlə yanaşı, yerində sayan məsələlər də var. Yaxşı işlər ondan ibarətdir ki, bu gün Naxçıvanda insanlar öz sözlərini deyə bilirlər. Əvvəlki illərdən fərqli olaraq haqlarını müdafiə edirlər və buna görə dəlixanaya, həbsxanaya salınmırlar.

Pis işlər isə odur ki, Naxçıvanda hələ də həllini gözləyən məsələlər var, insan hüquqları tam mənası ilə həyata keçirilmir, iqtisadi problemlər mövcuddur və insanlar hələ də əziyyət çəkirlər, kadr dəyişiklikləri yaxşı səviyyədə aparılmır”.

Heydər Oğuz

H.Oğuzun sözlərinə görə, Naxçıvanda hər şeyin gözlənilən kimi olmamasının obyektiv və subyektiv səbəbləri var:

“Obyektiv səbəb odur ki, Naxçıvanda Xanın dövründə mövcud olan struktur hələ də dəyişdirilməyib. Sadəcə, ora Prezidentin səlahiyyətli nümayəndəsi əlavə olunub. Bu da arabanın beşinci təkərinə bənzəyir. Naxçıvanın konstitusiyası ləğv olunmadan, muxtar hüquqları məhdudlaşdırılmadan islahatlar aparıla bilməz. Strukturlar bir-birini əngəlləyən mexanizmlərə çeviriliblər. Amma dediyim kimi, müsbət tərəflər də var və bunu inkar etmək mümkün deyil. Naxçıvanın ən mühüm inkişafı Zəngəzur dəhlizi ilə olacaq. Zəngəzur dəhlizi isə yəqin ki, yaxın gələcəkdə açılacaq. Bu istiqamətdə addımlar atılır. Hesab edirəm Zəngəzur dəhlizinin açılması ilə Naxçıvanda iqtisadi inkişaf da istənilən səviyyəyə çatacaq, insanların ümidləri özünü doğrultmuş olacaq. Hələ ki, bu istiqamətdə diplomatik səylər göstərilir”.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Globalinfo-ya deyib ki, Talıbovların hakimiyyətdən gedişi Naxçıvanda heç nəyi dəyişmədi:

Sərdar Cəlaloğlu

“Naxçıvan Azərbaycanın bir hissəsi olduğu üçün, Azərbaycanda nə baş verirsə, orada da eynisi baş verir. Nə işsizlik aradan qalxıb, nə əhalinin narazılıqları həll olunub, nə də vətəndaşların hüquqlarının bərpası istiqamətində addımlar atılıb. Bir sözlə, demək olar ki, müsbətə doğru heç bir dəyişiklik olmayıb. Dəyişilməsi üçün Azərbaycanda ümumi idarəçilik sistemi dəyişilməli, ölkədə islahatlar aparılmalıdır. Düzdür, Qarabağ məsələsi kimi obyektiv səbəblər də var, amma idarəçilikdə ciddi addımlar atılmır”.

Zaira Akifqızı
Globalinfo.az