NATO zəlzələdəki dəstəyi qarşılığında Türkiyədən bunu istəyir – Politoloq

NATO-nun Baş katibi Yens Stoltenberq cümə axşamı bildirib ki, “Finlandiya və İsveçi alyansın yeni üzvləri kimi ratifikasiya etməyin vaxtı çatıb”. Ankarada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında danışan Stoltenberq bildirib ki, əsas məsələ iki ölkənin birlikdə ratifikasiya olunub-olunmayacağı deyil, onların ratifikasiyasının mümkün qədər tez baş tutacağıdır. Çavuşoğlu isə bildirib ki, Türkiyə iki müraciətə ayrı-ayrılıqda baxa bilər.

Qeyd edək ki, Türkiyə və Macarıstan yekdilliklə qəbul edilməli olan bir prosesdə Finlandiya və İsveçin üzvlüyünü ratifikasiya etməmiş yeganə NATO üzvüdür.

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Yeganə Hacıyeva bildirib ki, Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatları Avropa ölkələrini təhlükəsizlik mövzusunda sığortalanmadığı faktı qarşısında qoyub:

“Son illər NATO-nun ümumavropa müdafiəsi istiqamətində rolunu itirməsi mövzusu müzakirə edilirdi. Və bu zaman ölkələr NATO-ya üzv olmaq istiqamətində səylərini artırdılar. Bu səylərdən biri də üç Skandinaviya ölkəsinin üzvlüyü məsələsi idi. Onlardan Finlandiya və İsveçin üzvlüyünün ratifikasiyanın mümkün qədər tez olması ilə bağlı NATO baş katibinin fikrini Türkiyəyə qarşı təzyiq kimi qiymətləndirə bilərik. Türkiyədə zəlzələ baş verib və ölkə kifayət qədər maliyyə itirib, beynəlxalq diqqətdən bir qədər öz daxilinə doğru çəkilib və bu, bir müddət belə olacaq. Onu da qeyd edək ki, zəlzələ mövzusunda NATO kifayət qədər Türkiyənin yanında oldu. Və NATO bu dost xidmətinin müqabilində özünün genişlənməsi ilə bağlı Türkiyədən müəyyən imtiyazlar istəyir”.

Politoloqun sözlərinə görə, bu məsələdə Türkiyədə Finlandiya və İsveçlə bağlı fikirlər fərqlidir:

“Finlandiya NATO sıralarına daha tez qəbul oluna bilər, nəinki İsveç. İsveç həm sıravi insanlar, həm də siyasətçi səviyyəsində Quranın yandırılması siyasətini yürütdü. Xüsusilə, İsveçin büdcəsindən maliyyələşən ultra sağçı siyasətçinin polisin icazəsi ilə Quranı yandırması İsveç dövlətinin islami dəyərlərə bir hədə olduğunu göstərdi. Buna görə də İsveçin bu mərhələdə NATO-ya qəbulu aktual deyil.

Amma məsələ ondadır ki, İsveçi də digər iki ölkəyə qatıb üzvlüyə qəbul etmək istəyirlər. Türkiyə isə hesab edir ki, ksenofob və islamafob dəyərləri və terroru dövlət səviyyəsində dəstəkləyən İsveç NATO-nun üzvü ola bilməz”.

Gülnar Səlimova
Globalinfo.az