İran Prezidenti İbrahim Rəisi və helikopterindəki digər rəsmilərin həlak olduqları artıq təsdiqlənib. Maraq doğuran məqamlardan biri bundan sonra İranın daxili və xarici siyasətində hansı dəyişikliklərin olacağıdır.
Globalinfo.az-a danışan politoloq Kənan Rövşənoğlu deyib ki, prezident dünyasını dəyişərsə, qanuna əsasən, birinci vitse prezident bu vəzifəni icra edir:
“Hazırkı dövrdə bu postda Məhəmməd Moxbər olduğu üçün yeni seçkilərə qədər prezident postunu o tutacaq. İranda prezident daha çox hökumətin rəhbəri postuna uyğundur, çünki dini rəhbər daha üst hakimiyyətdir. Bu səbəbdən də hər hansı ciddi siyasi böhran yaşanacağını zənn etmirəm. Daha üst hakimiyyət dini liderdir. Eyni zamanda İran siyasətində ciddi dəyişiklik gözləmək lazım deyil. Yalnız o halda ola bilər ki, növbəti prezident islahat qanadından olsun, bu isə yalnız seçkilərdən sonra mümkün ola bilər”.
K.Rövşənoğlu qeyd edib ki, İbrahim Rəisi din xadimi idi:
“O, inqilabın ilk illərində məhkəmə hakimiyyətində çalışıb, son illərdə isə Məşhəd İmam Rza (ə) hərəm kompleksinə – “Atabat Ali”yə rəhbərlik edib. Bu, çox böyük bir təşkilat və vəqfdir.
Eyni zamanda, mühafizəkar qanadda ciddi dəstəyi olub, qayınatası Məşhəd şəhərinin imam-cüməsi Ayətullah Aləmul Hudadır. Özü də mühafizəkar qanadın nümayəndəsi olub, Fələstin mövzusunda həssaslıq göstərib. Hələ prezident olmamışdan əvvəl Suriya, Livana gedib, maddi yardımlar təşkil edib”.
Politoloq vurğulayıb ki, Rəisi İsrailə qarşı sərt münasibət tərəfdarı olub:
“Hökumətin rəhbəri kimi hakimiyyətin ilk illəri çətin keçib, iqtisadi vəziyyət, sanksiyalar İrana ciddi təsir edib, Məhsa Əmini etirazları baş verib. Ancaq son bir ildə vəziyyət normallaşıb, iqtisadi artım müşahidə olunub, neft ixracı və gəlirləri yüksəlib. Dini lider postuna namizədliyi keçən, adı siyahıda olan biri idi. Dini lider seçilməsi mümkün idi, amma bu haqda hər hansı rəsmi açıqlama verilməmişdi”.
Safura Bənnayeva
Globalinfo.az