Müsəlmanlar Qurani-Kərimin yandırılmasına cavab olaraq bunları edə bilər – Hacı Şahindən çağırış

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli İsveçdə Qurani-Kərimin yandırılmasına münasibət bildirib.

O, Globalinfo.az-a bildirib ki, İsveçdə Türkiyə səfirliyi qarşısında Qurani-Kərimin yandırılması ifadə azadlığı ilə əsaslandırılsa da, heç şübhəsiz vandalizm aktıdır:

“Bu, sayı 1 milyarddan artıq olan müsəlmanların dəyərlərinə qarşı açıq-aşkar hörmətsizlikdir. Təəssüflər olsun ki, bu cür addım özünü inkişaf etmiş dövlət kimi tanıdan bir yerdə baş verir. Bu, əslində islama və müsəlmanlara qarşı dözümsüzlüyün, islamofobiyanın növbəti təzahürüdür. Bunun arxasında dayanan insanlar dinlər arasında qarşıdurma yaratmaq, müsəlmanları təhriketmə məqsədi güdür. Müsəlmanlar bu kimi hadisələr qarşısında soyuqqanlı olmalı və sivil yollarla öz etirazlarını çatdırmalıdır. Ümumiyyətlə, bizim dinimiz bütün sitayiş edən insanların bütlərinin təhqir olunmasını belə qadağan edir. İslam dini ən mütərəqqi, tolerant dinlərdən biridir, bütün dinlərə qarşı hörmət göstərməyi tövsiyə edir və heç bir dinin müqəddəslərinə qarşı hörmətsizliyi qəbul etmir. Bu, islam dininin humanist mahiyyətindən doğur. İnanıram ki, bu kimi addımların arxasında həm də bir qorxu, islam mədəniyyəti qarşısında acizlik durur”.

İlahiyyatçı qeyd edib ki, islam mədəniyyəti bu gün dünyada maraq doğurur, Qurani-Kərim səmavi kitab olaraq insanların diqqətini, marağını cəlb edir:

“Bu, şübhəsiz ki, bəzi dairələri narahat edir, qıcıqlandırır. Onlar bu kimi vasitələrlə öz qəzəblərini ifadə etməyə çalışır. Müsəlmanlar isə bu kimi addımlara cavab olaraq xristian kilsələrini ziyarət edə bilərlər, xristianların və digər dinlərin müqəddəs kitablarına qarşı öz hörmətlərini ifadə edə bilərlər. İslam dini yeganə dindir ki, bütün peyğəmbərlərə hörmətlə yanaşır. Hər hansı bir peyğəmbəri peyğəmbər kimi qəbul etməyən insan müsəlman sayılmır. İstər Həzrəti İsa, yaxud Həzrəti Musa olsun, digər dinlərin peyğəmbərləri bizim üçün seçilmiş şəxslər hesab olunur, müsəlmanlar onlara hörmətlə yanaşır. Hesab edirəm ki, Qurani-Kərimin yandırılması kimi vandal hərəkət pislənilməlidir. Azərbaycan XİN də bu məsələyə öz mənfi münasibətini bildirdi. Biz də din xadimi olaraq bu kimi addımları qınayırıq və heç bir azadlıq digərlərinin dəyərlərinə təcavüzə bəraət qazandıra bilməz. Bu azadlıq deyil, əksinə, vicdan azadlığına qarşı atılmış növbəti bir addımdır”.

Gülnar Səlimova
Globalinfo.az