f0fcf351162651025363102665710368963

“İkinci Qarabağ müharibəsi və qısa müddətdə həyata keçirilən lokal antiterror əməliyyatı nəticəsində beynəlxalq hüquq və ədaləti döyüş meydanında təmin edən dövlətimiz, ərazi bütövlüyünü və suverenliyini tam şəkildə bərpa etdi.  Baxmayaraq ki, Azərbaycan tarixi ədalətə qovuşan münaqişənin qalib tərəfi idi, məhz ölkəmiz post-münaqişə dövründə sülh gündəliyini əsas prioritet kimi bəyan etdi. Mötəbər cənab Prezidentin 25 sentyabr 2025-ci ildə BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışında bildirdiyi kimi, Vətən müharibəsi ilə işğala son qoyulduqdan sonra Azərbaycan sülhün siyasi vasitələrlə təmin edilməsinə çalışdı”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin payız sessiyasının ilk iclasında deputat Nizami Səfərov deyib.

Deputat vurğulayıb ki, rəsmi Bakı müharibə başa çatdıqdan dərhal sonra ərazi bütövlüyünün və suverenliyinin qarşılıqlı şəkildə tanınmasına, həmçinin dövlətlərarası münasibətlərin 5 fundamental prinsip əsasında qurulmasına dair sülh sazişi təklifini irəli sürdü: 

“Bu prinsiplər əsasında Ermənistanla münasibətləri yeni səhifədən başlamağa hazır olduğumuz bildirildi. Rəsmi Bakının ardıcıl səyləri nəticəsində 8 avqust tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında Vaşinqtonda keçirilən görüşün nəticələrinə dair bəyanat və dəstək sənədi imzalandı. Daha sonra Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin razılaşdırılmış mətni xarici işlər nazirləri tərəfindən paraflandı.

Ən mühüm nailiyyətlərdən biri də ATƏT-in Minsk qrupu və onunla bağlı strukturların 1 sentyabrdan etibarən fəaliyyətini dayandırması oldu. Bu, xüsusi qeyd edilməlidir.
Birmənalı şəkildə vurğulamaq lazımdır ki, Azərbaycanın əldə etdiyi qələbə və dövlətimizin mövqeyi həm də qlobal müstəvidə beynəlxalq hüququn aliliyinin, fundamental ümumbəşəri prinsiplərin mütləq üstünlüyünün təsdiqidir.

Azərbaycanın ardıcıl addımları nəticəsində Cənubi Qafqaz regionunun inkişafında yeni səhifə açıldı. Dövlət başçısının fundamental əhəmiyyət daşıyan çağırışında səsləndirdiyi kimi, birlikdə elə bir dünya qurmaq mümkündür ki, orada ikili standartlara son qoyulsun, ədalət selektiv olmasın, qanunun aliliyinə hörmət edilsin, sülh təkcə bəyanatlarda deyil, əməli addımlarda təmin edilsin”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: