Prezidentin Cəbrayıl və Zəngilana səfərində mühüm detal: Hərbi forma geyməmişdi, çünki… – Şərh

“Prezidentin Qarabağdakı antiterror tədbirlərindən sonra Cəbrayıl və Zəngilan rayonlarına səfərlərində xüsusi bir məqam var”.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Aqşin Kərimov Prezident İlham Əliyev sentyabrın 29-da Zəngilanda keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışını şərh edərkən deyib.

Onun sözlərinə görə, artıq Prezident hərbi formada deyildi. Yəni bu, o deməkdir ki, Azərbaycan öz ərazilərində təhlükəsizliklə bağlı hədəflərinə çatıb:

Aqşin Kərimov

“Regionda separatçılığın məhvi Qarabağa və Şərqi Zəngəzur regionlarında qayıdış proqramının icrasında yaranan maneələri də aradan qaldırır, artıq sülh və təhlükəsizlik zamanıdır – Prezidentin səfərinin regional ismarışını belə qiymətləndirmək olar.

Qarabağ və Şərqi Zəngəzurə köçlərin təşkili intensivləşəcək. Zəngilanın Ağalı kəndinin ağıllı kənd layihəsi çərçivəsində qurulması böyük ölçüdə regionun infrastrukturunun yaradılmasında bir indikator oldu.

Prezidentin iki sərhəd regionuna – Cəbrayıl və Zəngilana – səfəri sərhədlərin təhlükəsizliyi üçün lazım olan ölçülərin verildiyini qeyd edir.

Sərhədlərin təhlükəsizliyinin təmini kompleks işdir, mülki infrastrukturla, əhalinin yerləşməsi ilə paralel şəkildə hərbi-strateji təyinatları özündə birləşdirir. Bu mənada, İlham Əliyevin səfərlərinin geniş miqyasda dərin məzmunu var”.

Turan Rzayev
Globalinfo.az