eesmn 1

Yanvarın 13-də Prezident İlham Əliyev əməkhaqları, müavinət və təqaüdlərin artırılması ilə bağlı yeni Fərman və Sərəncamlar imzalayıb. Bu sərəncam və fərmanlardan sonra ümumilikdə 800 mindən çox şəxsin sosial müavinət və təqaüdləri artırılıb.

Baxmayaraq ki, maaşlar, müavinətlər və əməkhaqları artırıldı, amma yenə də narazılıqlar qalmaqdadır. Sosial və peşəkar mediada mövzu geniş şəkildə təftiş edilir, müzakirə olunur.

Əsas diqqət müharibə iştirakçılarının aldığı 80 manat müavinətin dəyişməz olaraq qalmasına yönəldilir. Cəmiyyətdə belə bir sual yaranıb ki, müharibə iştirakçılarının 80 manat müavinəti niyə artırılmadı?

Globalinfo.az-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin şöbə müdiri Fazil Talıbov bildirdi ki, bu məsələ diqqətdə saxlanılacaq:

Fazil Talıbov

“Müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi daim diqqətdə saxlanılır və ötən ilin əvvəlindən bu kateqoriyadan olan şəxslərə Prezidentin aylıq təqaüdünün təyinatı aparılıb.
Eyni zamanda müharibə iştirakçıları digər istiqamətlərdə, eləcə də məşğulluq sahəsində dəstək tədbirləri ilə əhatə olunur, onların aktiv məşğulluq proqramlarına cəlb edilməsi üçün geniş miqyasda işlər aparılır”.

Fazil Talıbov deyib ki, ardıcıl xarakter alan sosial islahatlar çərçivəsində qarşıdakı dövrdə də müharibə veteranlarının sosial müdafiəsi diqqətdə saxlanacaq.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: