Müəllimlərin imtahanı yeniliklə yadda qaldı – Ekspert

“Bu gün sertifikatlaşdırma imtahanlarının son günü idi. İmtahanlar xüsusi yeniliklə yadda qaldı. 60 və daha yuxarı yaşda olan şəxslər üçün sertifikatlaşdırmada iştirak könüllü oldu. Bundan sonra əgər orta məktəbdə çalışan müəllimin yaşı 60-dan çoxdursa o, heç bir halda məcburi sertifikatlaşdırmağa cəlb edilə bilməz. Bu halda müəllim yalnız öz istəyi ilə sertifikaşladırmada iştirak edə bilər”.

Globalinfo.az xəbər verir ki, bu sözləri deputat Vüqar Bayramov deyib.

O bildirib ki, prosesin daha da təkmilləşdirilməsi vacibdir:

“Milli Məclisdə müzakirələr zamanı çıxışımda da bu istiqamətdə bir sıra təkliflərimi təqdim etmişəm.

  1. Müəllimlərin əməyinin keyfiyyət kriteriyası üzrə qiymətləndirilməsi müsbət hal olsa da belə meyarların sayının artırılmasına ehtiyac var. Sertifikalaşdırma əməyin dəyərləndirilməsi üçün yeganə meyar olmamalıdır və əksər inkişaf etmiş ölkələrdə olduğu kimi, digər kriteriyalardan, o cümlədən sinif qiymətləndirmə yekunlarından istifadə olunmalıdır;
  2. Sertifikatlaşdırmada differensial yanaşma daha məqsədəuyğun olardı. Mövcud qanunvericiliyə əsasən, müəllim 3 dəfə məcburi sertifikatlaşdırmadan keçməlidir. Amma sertifikatlaşdırmanın sayı və müddəti müəllimin topladığı nəticəyə diferensial uyğunlaşdırılmalıdır. Bu müəllimlərin təşviqi baxımdan da vacibdir. Məsələn, 90 faiz və daha çox nəticə göstərən müəllimlər üçün növbəti sertifikatlaşdırma 5 il deyil, daha uzun müddətdən sonra aparıla bilər. Və ya müəllim iki sertifikatlaşdırmada ardıcıl 90 faiz və daha yüksək nəticə göstərirsə o zaman üçüncü sertifikatlaşdırmada iştirak onun üçün məcburi olmaya bilər;
  3. Qiymətləndirmə də differensial meyarlara əsaslanmalıdır. Mövcud qaydalara əsasən, 30 və 50 bal aralığında nəticə göstərən müəllimlərin əməkhaqlarına 10 faiz əlavələr olunur. 51 bal və ya daha yüksək nəticə göstərən müəllim hər ay 35 faiz əlavədən istifadə edə bilir. Ancaq 59 və ya 60 bal toplamış təhsil işçisinin əməyi nisbətən az bal yığmış müəllim ilə müqayisədə daha yüksək qiymətləndirilməlidir.

Bütövlükdə, təhsildə əməyin keyfiyyət meyarları əsasında qiymətləndirilməsi təqdirəlayiqdir. Bu pozitiv yanaşmadır. Bununla yanaşı, qiymətləndirmə meyarlarının artırılması və differensial yanaşmanın tətbiq edilməsi vacibdir”.

Zaira Akifqızı
Globalinfo.az