Moskvanı ürəyindən nişan aldılar: Yaralı ayının cavabı necə olacaq?

Kreml dron hücumunda birbaşa Ukraynanı günahlandırsa da, Kiyev bu ittihamı qəbul etmir. Bəzi iddialara görə isə hücumun arxasında Moskvanın özü dayanır. Artıq Medvedyev Zelenskinin fiziki məhvi haqda bəyanat verib. İkinci versiya ağlabatan görünmür. Çünki bu tip hücumlar kosmosdan çəkilir. Müəyyən etmək olur ki, dron hardan qalxıb.

Artıq dron hücumu ilə bağlı Moskva rəsmi açıqlama yayıb. Kremlin sözçü Peskov bildirib ki, bu hücumun arxasında ABŞ və Ukrayna dayanır.
Kreml Putinin qırmızı xəttidir, cavabını ağır verə bilər. Bəzi ehtimallara görə, dron hücumunun məqsədi dünyada Rusiyanın artıq ciddi şəkildə zəiflədiyi üçün Kremli belə müdafiə edə biləcək gücünün olmaması ilə bağlı rəy formalaşdırmaqdır. Tarixdə buna bənzər hadisə olub. 1987-ci ilin mayın 28-də, SSRİ-də sərhədçilərin peşə bayramı günündə Hamburq şəhərində doğulan, milliyətcə alman olan Matias Rust “Sessna” idman təyyarəsi ilə Qızıl Meydana enmişdi. Bu hadisə SSRİ-nin qüdrətli obrazını yerlə bir etmişdi.

Bəs Kremlə dron hücumunu kim təşkil edib? Ukrayna və müttəfiqləri, yoxsa bu Moskvanın öz oyunudur?

Mövzunu Globalinfo.az-a dəyərləndirən siyasi şərhçi Kənan Rövşənoğlu hücumun həm də rəmzi məna daşıdığını və fərqli qüvvələr tərəfindən həyata keçirilmə ehtimalının olduğunu bildirib:

“İndi birmənalı olaraq bu hadisənin kimin tərəfindən törədildiyini demək çətindir. Bunu ancaq obyektiv istintaq araşdırıb açıqlaya bilər. Əlbəttə, istintaqın da bunu açıqlaması üçün siyasi qərar lazım olacaq. O səbəblə bu hücumun gerçək müəllifi bizə məlum olmaya bilər. Düşünürəm ki, hücumun birbaşa Ukrayna tərəfindən və ya Ukraynaya bağlı təşkilat, yaxud da müttəfiqləri tərəfindən həyata keçirilməsi ehtimal yüksəkdir. Çünki Kreml Rusiyanın simvoludur, paytaxtda yerləşir və Rusiya hakimiyyəti Kremllə simvolizə olunur. Bu mənada Kremlə hücum həm də rəmzi məna daşıyır. Yəni Ukrayna üçün Rusiyanın toxunulmaz olan heç nəyi yoxdur, “əlimiz hər yerə çatır” kimi başa düşülür”.

Azərbaycan Mərkəzi Asiyada münaqişəyə son qoya bilər - GlobalInfo.az

K.Rövşənoğlu hücumun uğursuz alınmasına baxmayaraq təsirlərinin böyük olduğunu qeyd edib:

“Ukrayna tərəfinin məsuliyyəti üzərindən atması da normaldır, çünki siyasi hakimiyyət – dövlət bu cür kiçik çaplı əməliyyatın məsuliyyətini üzərinə götürüb Rusiyanın hansısa cavab aktları üçün əsas vermək istəmir. Ona görə ki, hücum uğursuz olub, hər hansı dağıntı və tələfat yoxdur, üstəlik cəbhədən çox uzaqda yerləşən şəhərdə edilib, bu da ittihamlara səbəb ola bilər. Buna görə də rəsmi Kiyevin təkzibi anlaşılandır. Amma bu hücumun nəticəsiz olsa belə, siyasi ağırlığı çoxdur, Ukraynanın Rusiyanın “ürəyini” hədəfə alacaq qədər imkanlara malik olduğunu göstərir. Mümkündür ki, bu hücumu Ukraynanın müttəfiqləri gözlənilən geniş miqyaslı hərbi əməliyyatların tezliklə alovlanması nəqsədi ilə həyata keçirmiş olsun”.


Fərid Şəfiyev

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev bildirib ki, bu hücum müharibənin gedişatına da öz təsirini göstərəcək:

“Bu məsələ ilə bağlı fərqli iddialar var, amma dəqiq mövqe bildirmək çətindir. Artıq Ukraynanın da Rusiyanın müxtəlif infrastruktur nöqtələrinə zərbələrin endirildiyini görürük. Bu da təbiidir, çünki iki ölkə müharibə şəraitindədirlər. Dronların Kremlə qədər uçub gəlməsi Rusiyanın hava hücumundan müdafiə sistemlərinin gücünü də sual altına qoyur. Konfliktin isə bu səviyyəyə çatması gözlənilən idi. Hazırda bu proseslə bağlı nəinki sülh sazişinin imzalanması, heç atəşkəs razılığı belə müzakirə mövzusu deyil. İndiki şərait isə vəziyyətin daha da gərginləşəcəyini göstərir”.

Ayşən Mustafa
Globalinfo.az