Milyarderlərin qəribə yemək vərdişləri: Onlar nə ilə qidalanır? – ARAŞDIRMA

Milyarderlərin bahalı şəxsi aşpazlarının və ya yüksək keyfiyyətli ərzaqları almaq imkanlarının olması onların heç də düzgün qidalandıqları anlamına gəlmir. Zəngin insanların bəziləri pəhriz və veqanizm kimi sağlamlıq tendensiyalarını sınaqdan keçirsə də, səhər yeməyində şokolada üstünlük verən və ya günlərlə yeməkdən tamamilə imtina edən milyarderlər də var.

Globalinfo.az xəbər verir ki, “Daily Mail” nəşri dünyanın ən zəngin adamlarının necə qidalanması və hansı yeməklərə üstünlük verməsi ilə bağlı araşdırma yazı dərc edib.

Siyahıda yer alan zənginlərdən biri də “Virgin Group”un qurucusu Riçard Bransondur. Onun gündə 20 fincan çay içdiyi təxmin edilir.  O, 2016-cı ildə mediaya açıqlamasında bildirirdi ki, ingilis səhər yeməyini çay olmadan təsəvvür etmək mümkün deyil. Branson günə meyvə salatı və səhər yeməyi üçün qranola (yulaf) ilə başladığını deyib. Milyarder bəzən hisə verilmiş balıq yediyini vurğulayıb. Branson Karib dənizindəki Neker adasında yaşayır. Milyarder gününü idmanla keçirir. Vaxtını ailəsi ilə və ya işgüzar görüşlərlə doldurur. Axşam saat 23:00-da yatdığını söyləyən Branson təxminən altı saatını yuxuya ayırır.

“Amazon” şirkətinin həmtəsisçisi Ceff Bezos erkən oyanmağı və sağlam səhər yeməyi ilə qidalanmağı xoşladığını deyib. O, hər bazar səhəri pankeyk hazırladığını açıqlayıb. Bezos həmçinin şəxsi məşqçisi ilə idmanla məşğul olduğunu bildirib.

“Microsoft”un yaradıcısı Bill Qeyts isə dietik kola içməyi çox sevir. O, hətta gündə üç-dörd qutu kola içir. Ancaq Bill Qeytsin yemək vərdişləri çox da yaxşı deyil. O, səhər yeməyində kakao pufları yeyir. Bununla yanaşı Qeytsin çizburgerləri sevdiyi də məlumdur. Hərçənd keçmiş həyat yoldaşı Melinda Qeyts əvvəllər onun ümumiyyətlə yeməkdən imtina etdiyini açıqlamışdı.

Milyarder Stiv Cobs da özünəməxsus yemək vərdişləri ilə tanınıb. “Apple” şirkətinin həmtəsisçisi bəzən həftə ərzində yalnız bir və ya iki çeşid yemək yeyib. Bir vaxtlar onun pəhrizi yalnız yerkökü və almadan ibarət olub. Bir vaxtlar o, yalnız meyvə, tərəvəz, qoz-fındıq, toxum və taxıl yeyib. Onun hətta kollecdə birinci kursda oxuyarkən ətdən imtina etdiyi də məlumdur. 2003-cü ildə Cobsa mədəaltı vəzi xərçəngi diaqnozu qoyulanda o, çoxlu meyvə şirələri və yerkökü suyu içərək pəhriz yolu ilə sağalmağa çalışıb. Beş il sonra mədəaltı vəzinin bir hissəsini çıxardıqdan sonra pəhrizinə balıq və digər zülalları yenidən daxil edib. Lakin 2011-ci ildə dünyasını dəyişəndə “Apple” şirkətinin həmtəsisçisi sadəcə maye qəbul edirdi.

“Tesla”nın rəhbəri İlon Mask da sağlam qidalanmır. O, əvvəllər günə tez başlamaq üçün səhər yeməyindən imtina edirdi. O, 2017-ci ildə şirniyyatları azaltdığını və qəhvə və omlet qəbul etdiyini deyib. Amma bu vərdişinə uzun müddət əməl edə bilməyib. Bu ilin əvvəlində milyarder hər səhər pişi yediyini açıqlayıb.

“Meta” şirkətinin baş direktoru Mark Zukerberq isə müxtəlif pəhriz növləri ilə qidalanmağa üstünlük verdiyini açıqlayıb.

Əliyar Xəlil,

Globalinfo.az