“Bakı Metropoliteni” QSC-nin yeni layihəsi ictimaiyyətdə geniş müzakirələr yaradıb. Xüsusilə, alternativ olaraq ayrılacaq avtobusların ödənişli olması vətəndaşlar arasında narazılıq doğurub. Sərnişinlər hesab edirlər ki, metro xidmətinin məhdudlaşdırılması onların seçimindən asılı olmadığından, alternativ nəqliyyat vasitəsi ən azı təmir işləri başa çatanadək ödənişsiz fəaliyyət göstərməlidir.
Globalinfo.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, təmirlə bağlı məlumat əvvəlcədən ictimaiyyətə açıqlanmışdı:
“Rəsmi məlumatlarda da qeyd olunmuşdu ki, metroda qırmızı və yaşıl xətlər ayrılacaq. Bu layihə Bakı Metropoliteninin gələcək inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Hər iki xətt ayrıca inkişaf etdirilməlidir. Bu, həm sərnişin axınının artmasına, həm də metronun daha cəlbedici və səmərəli nəqliyyat vasitəsinə çevrilməsinə şərait yaradacaq. Hesab edirəm ki, bu proses mütləq həyata keçirilməlidir. Məsələyə yalnız bu gün yaşanan çətinliklər prizmasından yanaşmaq düzgün deyil. Görülən işlərin gələcəkdə verəcəyi nəticələr və yaradacağı imkanlar da nəzərə alınmalıdır. Təbii ki, tikinti prosesi başlayırsa, stansiyalar arasında əlaqənin müəyyən müddətə məhdudlaşdırılması sərnişinlər üçün narahatlıq yaradacaq. Təxminən birillik müddətdən söhbət gedir. Bu baxımdan düşünürəm ki, məsələyə anlayış və səbir göstərmək lazımdır. Çünki metronun inkişafı müəyyən çətinliklər olmadan mümkün deyil”.
Elməddin Muradlı
Ekspertin sözlərinə görə, bu sahə barədə kifayət qədər məlumatı olmayan insanlar vəziyyətə daha çox mənfi tərəfdən yanaşa bilərlər:
“Əgər daha optimal variantlar olsaydı, dövlət, şübhəsiz ki, onları da nəzərdən keçirərdi. Bu məsələni dəfələrlə müzakirə etmişik. Məsələn, təklif oluna bilərdi ki, “28 May”dan “Nizami”yə sərnişinlər müvəqqəti avtobuslarla ödənişsiz daşınsın. Ancaq sərnişin axınının həcminə baxdıqda görürük ki, gündə yüz minlərlə insanın istifadə etdiyi marşrut üzrə belə yükü hər hansı daşıyıcının üzərinə qoymaq mümkün deyil. Təsəvvür edin, pik saatlarda metro qatarının bir vaqonu minlərlə sərnişin daşıyır. Həmin sərnişin sayını avtobuslarla əvəz etmək üçün orta hesabla 7-8 avtobus tələb olunur. Bəs bu qədər avtobus varmı? Yaxud şəhərdə fəaliyyət göstərən avtobusların böyük hissəsini yalnız “28 May” və “Nizami” stansiyaları arasında işlətmək nə dərəcədə düzgün olardı? Şəhərin digər istiqamətlərində də sərnişindaşıma təmin edilməlidir. Yəni dövlətin imkanları çərçivəsində həyata keçirilə biləcək həllər də var, mümkün olmayan məsələlər də. Bu, təxminən birillik keçid dövrüdür və düşünürəm ki, buna müəyyən qədər dözmək lazımdır. Bunun başqa çıxış yolu yoxdur”.
E.Muradlı hesab edir ki, yaranan vəziyyət müvəqqəti xarakter daşıyır:
“Bu müddət ərzində insanlar hərəkət marşrutlarını dəyişə, səfərlərini əvvəlcədən planlaşdıra və alternativ yollardan istifadə edə bilərlər. Ancaq metroda nəzərdə tutulan inkişaf layihəsi mütləq həyata keçirilməlidir. Yeni stansiyaların tikintisindən, xətlərin genişləndirilməsindən danışırıqsa, bunlar heç bir narahatlıq yaratmadan başa gələ bilməz. Müəyyən müddət çətinlik olacaq və bu çətinliyi hamımız yaşayacağıq. Bu dövrdə şəhərdə nəqliyyat sıxlığının artması da istisna deyil. Taksiyə tələbat arta, alternativ olaraq skuterlərdən istifadə edənlərin sayı çoxala bilər. Lakin bütün sərnişin kateqoriyaları üçün bu alternativlər əlçatan deyil. Buna görə də vəziyyəti həddindən artıq dramatikləşdirməyə ehtiyac yoxdur. Səfərləri əvvəlcədən düzgün planlaşdırmaqla keçid dövrünün yaratdığı çətinlikləri müəyyən qədər azaltmaq mümkündür”.
Ekspert qeyd edib ki, dövlətin imkanları daxilində görülən əsas tədbirlərdən biri də ekspres avtobus xəttinin yaradılmasıdır:
“Lakin bu xidmətin ödənişli olması tamamilə normaldır. Bəzi insanlar hesab edir ki, ekspres avtobuslar pulsuz olmalıdır. Reallıq isə odur ki, gündə yüz minlərlə sərnişini heç bir daşıyıcı uzun müddət ödənişsiz daşıya bilməz. Ona görə də əsas məqsəd bu müvəqqəti çətinliyi böyütmək deyil, metroda həyata keçirilən inkişaf layihəsinin gələcək nəticələrini nəzərə almaqdır. Gələcəkdə daha səmərəli, rahat və sərnişin tutumuna malik metro sistemindən istifadə etmək üçün bir qədər səbrli olmalıyıq”.
Zaira Akifqızı
Globalinfo.az