“Hazırda ABŞ-ın İranı itaət etdirmək üçün heç bir həlledici “kozır”ı yoxdur”.
Globalinfo.az xəbər verir ki, bunu erməni iranşünas Vardan Voskanyan deyib.
O qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın İranın həyati əhəmiyyət daşıyan infrastrukturuna növbəti dəfə vəd etdiyi, lakin sonradan ləğv etdiyi güclü zərbə ilə bağlı məlumatların sızması da bunu göstərir:
“Vaxtaşırı alovlanan və sonra səngiyən bu silahlı qarşıdurmada İranın strategiyası olduqca aydındır. Məqsəd müharibəni nəyin bahasına olursa-olsun dayandırmaq deyil, coğrafi və digər üstünlüklərdən istifadə edərək özündən daha güclü rəqibi uzunmüddətli və geri dönməz şəkildə tükəndirməkdir.
Bununla yanaşı, İran tərəfi bu strategiyanın yekun məqsədi kimi iki əsas hədəfi açıq şəkildə bəyan edir: Hörmüz boğazına tam nəzarətin təmin olunması və Fars körfəzi bölgəsində ABŞ-ın hərbi mövcudluğunun mümkün qədər məhdudlaşdırılması, ən yaxşı halda isə tamamilə aradan qaldırılmasıdır”.
Voskanyan bildirib ki, Tehran üçün qalan bütün məsələlər bu iki əsas məqsəddən törəyən ikinci dərəcəli məsələlərdir:
“Çünki Hörmüz boğazına nəzarət və ABŞ-ın hərbi mövcudluğunun olmaması halında İran, obrazlı desək, bütün Fars körfəzinin yeganə sahibi olacaq və bundan irəli gələn böyük geosiyasi və iqtisadi üstünlüklər əldə edəcək”.
Əliyar Xəlil
Globalinfo.az