Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Haber Global”a açıqlamasında deyib ki, İsraildə 1915-ci il hadisələrinin “erməni soyqırımı” kimi tanınması məsələsi Azərbaycanı ciddi şəkildə narahat edib.
“Bu məsələ ortaya çıxan kimi cənab Prezidentin tapşırığı ilə Azərbaycan intensiv diplomatik fəaliyyətə başladı. İsrail tərəfinə də mesajlarımızı çatdırdıq ki, belə bir qərarın qəbul edilməsi, ilk növbədə, ədalətsizdir, tarixi reallığı əks etdirmir və biz onun qəbulunu düzgün hesab etmirik. İsrail tərəfi də Azərbaycanın bu mesajlarını ciddi qəbul etdi. Hesab edirik ki, bunun daha da irəliləməsinin qarşısı alındı”, – Hikmət Hacıyev vurğulayıb.
Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva vurğulayıb ki, Hikmət Hacıyevin açıqlaması Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin təkcə hərbi və siyasi deyil, həm də diplomatik müstəvidə koordinasiyalı şəkildə həyata keçirildiyini nümayiş etdirir:
“Bakı üçün Türkiyənin milli maraqlarına toxunan həssas məsələlər xarici siyasətin prioritet istiqamətlərindən biri olaraq qalır. Bu baxımdan Azərbaycanın İsrail tərəfi ilə apardığı diplomatik təmaslar, rəsmi Bakının müttəfiq ölkənin maraqlarını beynəlxalq platformalarda da qətiyyətlə müdafiə etdiyini göstərən mühüm nümunə kimi qiymətləndirilə bilər.
Azərbaycan zaman-zaman iki ölkə arasında yaranan gərginliklərin dialoq yolu ilə idarə olunmasında müstəsna rol oynayır. Məsələnin Knessetin gündəliyindən çıxarılması tərəflər arasında açıq diplomatik kanalların işlək olduğunu göstərməklə yanaşı, regionda yeni geosiyasi balansın qorunmasına xidmət edən addım kimi də dəyərləndirilə bilər. Bu proses Azərbaycanın regional diplomatiyada artan çəkisini və strateji tərəfdaşlarının maraqlarının qorunmasında oynadığı fəal rolu bir daha nümayiş etdirir”.
Qeyd edək ki, bir qədər əvvəl İsrail parlamentində qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı proses başladılıb. Türkiyədə böyük narahatlıq doğuran və əlavə siyasi gərginliyə səbəb olacaq proses Azərbaycanın müdaxiləsindən sonra dayanıb. Belə ki, məhz rəsmi Bakının tələbindən sonra İsrail qondarma soyqırımı müzakirəsini parlamentin gündəmindən çıxarıb.
Turan Rzayev
Globalinfo.az