Bakının Xətai rayonunda, Gəncə prospektində baş verən torpaq sürüşməsi yenidən paytaxtın sürüşmə riski olan ərazilərini gündəmə gətirib. Hadisə nəticəsində torpaq kütləsi avtomobillərin üzərinə tökülüb, sakinlər isə ərazidə təhlükənin hələ də davam etdiyini bildirirlər. Bunun fonunda sosial şəbəkələrdə 20 Yanvar, 4-cü mikrorayon, Qələbə dairəsi, Ukrayna dairəsi, Musabəyov parkı və digər maili ərazilərdə mümkün güclü zəlzələ zamanı genişmiqyaslı sürüşmə və çökmə təhlükəsinin yarana biləcəyi ilə bağlı iddialar yayılıb.
Hazırda Bakıda sürüşmə baxımından ən riskli zonalar hansılardır?
Globalinfo.az-a danışan biomüxtəliflik üzrə ekspert, ekoloq Arzu Mustafayev bildirib ki, sürüşmə yerin torpaq qatında baş verən geoloji prosesdir:
“Yerin altındakı sukeçirməyən gilli qatla torpaq qatı arasında mayenin miqdarının artması nəticəsində maili yamaclarda torpaq kütləsi cazibə qüvvəsinin təsiri ilə aşağı istiqamətdə hərəkət edir. Bu zaman üst torpaq kütləsi müxtəlif həcmdə, sürətlə və miqyasda yuxarıdan aşağıya doğru yerini dəyişir. Azərbaycan ərazisinin böyük hissəsini Kür-Araz ovalığı əhatə edir və burada maili relyef, eləcə də uyğun geoloji şərait olmadığından sürüşmə riski aşağıdır. Lakin Kiçik Qafqazın bəzi hissələrində lokal xarakterli, Böyük Qafqazda isə gilli təbəqələrin mövcud olduğu ərazilərdə bu prosesin baş verməsi mümkündür. Yağıntıların çoxalması və ya su toplanması sürüşməni aktivləşdirir. Bu, təbii proses olsa da, həm təbii, həm də antropogen mənşəli ola bilər. Məsələn, hər hansı su borusunun qəza nəticəsində dağılması və böyük həcmdə suyun torpaq qatları arasında toplanması sürüşməyə təkan verir”.

Arzu Mustafayev
Ekspert qeyd edib ki, dünyanın bir çox bölgəsində, eləcə də Azərbaycanda zəlzələlər nəticəsində torpağın üst qatında bu prosesin tətiklənməsi mümkündür:
“Nəticədə sürüşmə hadisələri yaşanır. Bakı şəhəri Böyük Qafqazın cənub-şərq qurtaracağında yerləşir və əsasən dağlıq-təpəlik relyefə malikdir. Bir çox ərazilərdə yamacların kəskin maili olması sürüşmə proseslərinin daha intensiv və mütəmadi xarakter almasına səbəb ola bilər. 20 Yanvar, 4-cü mikrorayon, Qələbə dairəsi, Ukrayna dairəsi, Musabəyov parkı, Bayıl yamacı və Zığ ərazisi aktiv sürüşmə zonalarına aid edilə bilər. Bu il yağıntıların çox olması səbəbindən sürüşmə hadisələrinin baş verməsi gözlənilən idi”.
A.Mustafayev deyib ki, Bakıda aparılan qeyri-effektiv şəhərsalma siyasəti, eləcə də tikintilərə icazə verilməsi zamanı tələblərə tam əməl olunmaması bu kimi hadisələrin sayını artırır:
“Yamaclar tamamilə tikintidən azad edilməlidir. Çünki həmin ərazilərdə istənilən əlavə ağırlıq torpaq qatının dayanıqlığını poza bilər. Həmçinin su təchizatı tələb edən təsərrüfat prosesləri də belə ərazilərdə məhdudlaşdırılmalıdır. Sürüşmələrin qarşısını təbii yolla almağın əsas vasitələrindən biri ağaclandırmadır. Güclü, sıx və şaxəli kök sisteminə malik ağac növlərinin əkilməsi torpağın möhkəmlənməsinə kömək edir. Yaşıllıqların torpaqtutucu funksiyası üst torpaq qatını sabit saxlaya, eyni zamanda, artıq rütubət köklər vasitəsilə buxarlanaraq riskləri azalda bilər”.
Ekoloqun sözlərinə görə, təəssüf ki, Bakıda ağac örtüyü kifayət qədər deyil:
“İnsanların sıx yaşadığı və potensial təhlükəli hesab edilən ərazilərdə isə qabaqlayıcı tədbir kimi qoruyucu istinad divarlarının layihələndirilməsi və inşası aparılmalıdır ki, sürüşmələrin mümkün nəticələri minimuma endirilsin. Potensial təhlükəli ərazilər kifayət qədərdir. Şəhərsalma prosesində geoloji və tektonik amillər düzgün qiymətləndirilməlidir. Fövqəladə hadisələrə səbəb ola biləcək risklər ciddi şəkildə nəzərə alınmalıdır”.
Safura Bənnayeva
Globalinfo.az