“1996-cı ildən sonra seçkilər nəticəsində yaranmış böhranı aradan qaldırmaq üçün həll yolu kimi Levon Ter-Petrosyan hesab etdi ki, Robert Köçəryanı Ermənistana dəvət etməli və baş nazir təyin etməlidir ki, Qarabağ məsələsi həll olunsun”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatı Andranik Köçəryan deyib.
“Onun yanlış qərar verdiyini düşünürəm. Köçəryan Laçın dəhlizindən keçdiyi andan etibarən Ter-Petrosyandan hakimiyyəti necə alacağını düşünürdü. Bu, açıq görünürdü”, – deyə o bildirib.
Qeyd edək ki, Ermənistanda 1996-cı il prezident seçkilərindən sonra yaranan siyasi böhran fonunda o vaxtkı prezident Levon Ter-Petrosyan 1997-ci ildə Qarabağdakı separatçı rejimin rəhbəri Robert Köçəryanı İrəvana dəvət edərək baş nazir təyin etmişdi.
Rəsmi izaha görə, bu addım ölkədə sabitliyi bərpa etmək və Qarabağ danışıqlarını irəlilətmək məqsədi daşıyırdı.
Lakin 1998-ci ildə Qarabağ nizamlanması ilə bağlı fikir ayrılığı nəticəsində Ter-Petrosyan istefa verdi və qısa müddət sonra Robert Köçəryan Ermənistan prezidenti seçildi.
Safura Bənnayeva
Globalinfo.az