Məşhur generallarla bağlı sürpriz qərar – Səs-küylü həbslərə hazırlıq başladı – VİDEO

10:14

Noyabrın 2-də mediada yayılan məlumatda deyilirdi ki, Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə faktı ilə bağlı məhkəmə araşdırmaları davam edir.

Hazırda məhkəməsi davam edən şəxslərin cinayət işindən əlavə Azərbaycan Ordusunun sabiq Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov və başqa bir neçə nəfər barəsində icraat ayrılıb. Onlarla bağlı istintaq orqanında araşdırma aparılır.

Hazırda ittiham olunan polkovniklərin vəkilləri növbəti iclaslarda N.Sadıkovla bağlı vəsatət qaldıracaqlar.

Bu, olduqca sensasion xəbərdir. Açıqca bildirilir ki, N.Sadıkov və onun “suç ortaqları” haqda qərar verilib. İllərlə Azərbaycan Silahlı Qüvvələrinin canına daraşıb, onu iflic etməyə çalışan dəstə artıq cəzalandırılacaq.

Nəcməddin Sadıkov bununla bağlı dünən mediaya açıqlama verib. Bu məsələlərdən danışmaq istəmədiyini bildirib. Sitat:

“Danışmaq istəmirəm. Çünki buna vaxtım və həvəsim yoxdur. Ümumiyyətlə, bu məsələlər niyə sizi narahat edir ki? Xahiş edirəm, məni bunlara görə narahat etməyin. Mən artıq belə məsələlərə görə yorulmuşam”.

Yorulubmuş. Biz də yorulmuşuq, yoldaş Sadıkov. Bu xalq sənin və sənin kimilərin əməllərindən cana doyub. Cəzalanmanızı istəyir, tələb edir! Cəmiyyət bu yorğun və xəyanət yolu tutmuş generalları çoxdan “güllələyib”. Onların hökmünü illər öncə verib. Növbə dövlətindir…

Bir insan kimi onu hardasa başa düşmək olar. Kimin barəsində vaxtaşırı neqativ xəbər yayılsa, yorular, usanar, bezər. Amma N.Sadlkov haqda yazılanlar nə haqsızdır, nə qeyri-obyektiv. 30 ilə yaxın Müdafiə nazirinin 1-ci müavini, Baş Qərargah rəisi olasan, general-polkovnik rütbəsi daşıyasan, fəqət haqqında bir pozitiv fikir, rəy deyilməsin, yazılmasın. Dəhşətli və ibrətlik taledir.

Ən əsas, Prezident İlham Əliyev bu cür strateji vəzifə tutan generalı müharibə başlayar-başlamaz ordu sistemindən uzaqlaşdırdı. Dövlət, Ali Baş Komandan ona güvənsəydi, müharibəni N.Sadıkovla aparardı, daha onu ən həlledici məqamda işdən çıxarmazdı. Bunun özü hər şeyi açıb ortaya qoyur.

Cəmiyyət N.Sadıkovun qanunla cəzalanacağını tələb edir. İndiyə kimi törətdiyi əməllərə görə o, məhkəmədə hakim qarşısına çıxarılmayıb. Bu, qətiyyən etdiyi qanunsuzluqlardan yayınacağı anlamına gəlməməlidir.

Artıq müharibə bitib. Qarabağ məsələsi həllini tapıb. Separatçılar həbs edilib, qalanları qaçıb gizlənib. Ermənistan ordusunu məğlub etmişik. Qarabağdakı Rusiya sülhməramlı kontingenti bölgəni və bütövlükdə ölkəni sürətlə tərk edir. Xankəndi, Xocalı, Xocavənd, Ağdərə, Sərsəng tam nəzarətimizə keçib. Prezident İlham Əliyev həmin şəhər və qəsəbələrdə Azərbaycanın üç rəngli, ay-ulduzlu bayrağını ucaldıb. Xalqa müraciət edib. Buna qədər Nəcməddin Sadıkova və onun “çetesinə” toxunmaq müəyyən risklər yarada bilərdi. Artıq heç bir təhlükədən söhbət gedə bilməz. O və ətrafı zəhər dişləri sındırılmış ilan kimidirlər…

Globalinfo.az-a daxil olan son məlumatlara görə, Nəcməddin Sadıkov daxil olmaqla, rüşvətxor, korrupsioner və başqa ölkələrin kəşfiyyatına işləməkdə şübhəli bilinən bütün general və zabitlər cəzalandırılacaq. Onların istintaqa cəlb ediləcəkləri barədə məlumatlar var.

İş bununla da bitmir.

“Tərtər işi”ndə adı keçən, işgəncə və ölümlərdə iştiraklarına şübhələr olan, amma müəyyən səbəblərdən bu günə kimi məhkəmə istintaqına cəlb edilməyən yüksək vəzifəli hərbçilərin də tezliklə qanun qarşısında “farağat” dayanacağı gözlənir.

Ordunun sağlamlaşdırılması, satqınlardan, əliəyrilərdən təmizlənməsi prosesi neçə ildir gedir. Bundan sonra bu işin daha da sürətləndiriləcəyinə şahidlik edə biləcəyik.

Əvvəlki xidmətlərinə görə kimsəyə güzəşt ediləcəyi qəti şəkildə gözlənilmir. Kimsə düşünməsin ki, artıq müharibə başa çatıb, qalib gəlmişik, ordu amili arxa plana keçəcək. Əksinə, indən sonra Silahlı Qüvvələr daha da sağlamlaşdırılacaq. Həm maddi texniki vəziyyəti, həm də mənəvi mühiti gücləndiriləcək.

Qarşıda ordumuzu gözləyən daha şərəfli və çətin missiyalar var. Ordu yalnız müharibə üçün deyil, daha çox müharibənin olmaması üçündür.

Azər Ayxan
Globalinfo.az