İpoteka krediti faizləri azala bilər – İqtisadçıdan anons

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 9 faizdən 8.5 faizə, faiz dəhlizinin aşağı həddi 7.5 faizdən 7 faizə, faiz dəhlizinin yuxarı həddi isə 10 faizdən 9.5 faizə endirilib. Maraqlıdır, Mərkəzi Bankın uçot dərəcəsini aşağı salması nəyi dəyişəcək?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli Mərkəzi Bankın son zamanlarda uçot dərəcəsini bir neçə dəfə artırdığını bildirib.

Onun sözlərinə görə, bunun əsas səbəbi inflyasiya ilə mücadilə konsepsiyası olub:

“Onlar inflyasiya ilə mübarizə aparmaq üçün uçot dərəcəsinin artırıldığını və iqtisadi aktivliyi bir az aşağı çəkmək düşüncələrini elan etmişdilər. Amma görünür, Azərbaycanın indiki iqtisadi sistemində uçot dərəcəsinin yuxarı çəkilməsi inflyasiyaya birbaşa təsir göstərmir. Yəni digər ölkələrdə olduğu kimi, bizdə birbaşa korrelyasiya yoxdur. Amma iqtisadi aktivliyə ciddi mənfi təsir göstərdi”.

Natiq Cəfərli

İqtisadçı kredit faizlərinin artmasından da danışıb:

“Azərbaycanda Ümumi Daxili Məhsulun (UDM) artım tempi aşağı düşdü, faizlər artdı, əsasən də biznes kreditləri iqtisadi aktivliyə təsir göstərdi. İstehlak və ipoteka kreditləri bahalaşdı. Hesab edirəm ki, Mərkəzi Bank burada ona görə geri addım atmağa qərar verdi və faiz dərəcələrinin aşağısalma tendensiyasına başlamaq istəyir.

Yəqin ki, il sonunda yenə bir toplantı olacaq, o zaman da faiz dərəcəsi aşağı düşəcək. Nəticə etibarilə bu addımlar ölkədə kredit faizlərinin azalmasına səbəb olmalıdır. Əslində, uçot dərəcəsi artanda faizlər artırdısa, məntiqlə indi azalma trendinə keçdikdən sonra kreditlərdə də azalma olmalıdır. Əgər bu belədirsə, yaxın aylarda biz istehlak, biznes və ipoteka kreditlərinin ucuzlaşmasının şahidi ola bilərik”.

Zaira Akifqızı
Globalinfo.az