Qırğızıstanın ilk prezidenti Əsgər Akayev mövcud hökumətin siyasətinin davam etdirilməsinin zəruriliyi ilə bağlı fikirlərinin səhv şərh olunduğunu və Prezident Sadır Japarovun üçüncü müddətə seçilməsinə çağırmadığını bildirib.
Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə o, yerli mediaya danışıb.
Akayevin sözlərinə görə, o, yalnız dövlət başçısının ikinci müddətə namizədliyini irəli sürmək üçün Konstitusiya hüququndan danışıb.
“Üçüncü müddətdən danışmamışam. Əgər Sadır Japarov Konstitusiyaya uyğun olaraq ikinci müddətə seçilərsə və mövcud iqtisadi artım tempi qorunub saxlanılarsa, Qırğızıstan iqtisadi möcüzəyə nail ola bilər”, – o qeyd edib.
Akayev vurğulayıb ki, son illərdə ölkə iqtisadiyyatı ildə təxminən 10 faiz artım nümayiş etdirir, bu rəqəmlər 8-10 il ərzində qorunub saxlanılarsa, dövlət keyfiyyətcə yeni inkişaf səviyyəsinə çata biləcək.
Keçmiş prezident hazırkı dövlət başçısının səlahiyyətlərini genişləndirmək üçün Konstitusiyanın dəyişdirilməsini müdafiə etdiyi iddialarını rədd edib:
“Mən deməmişəm ki, Konstitusiyanı pozmalıyıq və ya üçüncü müddətə namizədliyimizi irəli sürməliyik. Sözlərimi bu cür şərh edənlər başqalarıdır”.
Qeyd edək ki, Əsgər Akayevin bu açıqlaması onun ötən həftə İssık-Kul Forumunda verdiyi açıqlamalara dair yaranan ictimai müzakirədən sonra gəlib. Qırğızıstan prezidentinin müşaviri Çolponbek Abıkeyev sabiq prezidentin bu açıqlamasını şərh etmişdi. O, Akayevin açıqlamasının şəxsi mövqeyi olduğunu, bunu siyasiləşdirməməyə çağırmışdı.