“Ümumtəhsil müəssisələrinin əsas məqsədi nədir?” sualını versək, insanlar adətən cavab verirlər ki, vətəndaşı həyata hazırlamaqdır. Amma gəlin praktik baxaq. Bu gün ümumtəhsil müəssisələrinin əsas məqsədi uşaqları həyata, yoxsa qəbul imtahanlarına hazırlamaqdır? Bu, cəmiyyət olaraq çox ciddi şəkildə müzakirə etməli olduğumuz sualdır.
Globalinfo.az xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış “Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi” adlı tədqiqat hesabatının və “Uşaqlar və Hüquq” adlı kitabın təqdimat mərasimində səsləndirib.
Nazir qeyd edib ki, bəzən şagirdlərdən kimsə hüquqşünas olmaq istəyir, amma niyə hüquqşünas olmaq istədiyini özü də bilmir:
“Uşaqlardan, xüsusilə 10-cu və 11-ci sinif şagirdlərindən soruşanda ki, siz kim olmaq istəyirsiniz, verilən cavab çox zaman belə olur: “Mən ikinci qrupam” və ya “Mən üçüncü qrupam”. Yəni insanın gələcək peşəsi ilə bağlı suala cavabının “mən ikinci qrupam” olması, əslində, çox ciddi problemdir”.