“Ekoleks” Ekoloji Hüquq Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Məişət tullantılarının idarə olunmasının ilkin həlqəsi – Mənzil istismar sahələri” adlı layihəni tamamlamaq üzrədir.
Globalinfo.az bildirir ki, layihənin məqsədi məişət tullantılarının yığılması və daşınmasında yerli icra hakimiyyətlərinin Mənzil istismar sahələrinin fəaliyyətinin səmərəliliyinin artırılmasına, dövlət büdcəsi vəsaitlərinin və tariflər əsasında formalaşan ödənişlərin səmərəli istifadəsini təmin etməyə nail olmaq idi.
Layihənin icrası zamanı müəyyən edilib ki, Yasamal ərazisində rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 12, Müdafiə Nazirliyinin Bakı qarnizonu üzrə Mənzil istismar hissəsinin 3, 2 və 3 saylı Xüsusi təyinatlı mənzil kommunal təsərrüfat birliklərinin 3 mənzil istismar sahəsi fəaliyyət göstərir. Məişət tullantılarının toplanması həmin MİS tərəfindən, daşınması isə küçələrin süpürülməsi zamanı əmələ gələn tullantılar istisna olmaqla, Bakı şəhər İcra hakimiyyətinin Kommunal Xidmətlər Müəssisəsi MMC tərəfindən həyata keçirilir.
Müvafiq olaraq, məişət tullantıların toplanması və daşınmasına görə müəyyən edilən vəsait əhalidən qeyd edilən MİS-lər tərəfindən, rayon ərazisində fəaliyyət göstərən hüquqi şəxslərdən və sahibkarlardan isə Kommunal Xidmətlər Müəssisəsi MMC-nin bağladığı müqavilə üzrə ödənilir.
Rayon ərazisində yaranan iri qabaritli tullantıların və tikinti tullantılarının idarə olunmasına görə hər hansı ödəniş alınması mexanizmi mövcud deyil. Burada tullantıların çeşidlənməsi üzrə pilot layihəsi həyata keçirildiyinə baxmayaraq, istehlakçılar üzərinə tullantıların çeşidlənməsi öhdəliyi qoyulmadığı səbəbindən tullantıların çeşidlənməsi vəziyyəti arzuolunandan çox uzaqdır.
Qeyd edilənlərə əsasən, dövlət büdcəsindən ayrılan dotasiyaya əsaslanan mövcud idarəetmə sisteminin səmərəliliyi qiymətləndirilib, mövcud təsərrüfat mexanizminin əsasən özünü maliyyələşdirməyə keçidə mane yaradan hallar araşdırılıb, siyasi, hüquqi, iqtisadi, institusional dəyişikliklər üçün konkret təkliflər verilib. Təkliflərin əhəmiyyətli qismi lokal səviyyədə qəbul ediləcək qərar hesabına icra oluna biləcək təşəbbüslərdən ibarətdir.
İcrası başa çatan hazırkı layihə üzrə gəlinən nəticələr və tövsiyələr kitab halında nəşr edilmiş, müvafiq mütəxəssislər və vətəndaş cəmiyyəti nümayəndələri arasında paylanılıb.