Məşhur tikinti maqnatı sabiq başçı ilə “problemindən” danışdı

“Şərurlu İsfəndiyar” kimi tanınan tikinti maqnatı İsfəndiyar Axundovla Ağsu Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Ənvər Seyidəliyevin oğlu Dəyanət Seyidəliyev arasında əmlak davası olması haqda məlumat yayılıb.

Bildirilir ki, keçmiş icra başçısının oğlu D.Seyidəliyev İ.Axundovu məhkəməyə verib. Buna səbəb isə Seydəliyevin “Şərur” Mənzil-Tikinti Kooperativindən (MTK) əmlak tələb etməsidir. 

Globalinfo.az məsələni dəqiqləşdirmək üçün İ.Axundovla əlaqə saxlayıb.

O, xəbəri təkzib edib:

“Belə bir şey eşitməmişəm. Nə məhkəmə?! O adamları üz-üzə gəlsək belə tanımaram. Tanıdığım adam olsa, nəsə demək olardı. Mən Ağsuda olmamışam, həmin adamları tanımıram və heç vaxt münasibətimiz olmayıb”.

Zaira Akifqızı
Globalinfo.az