Maşında qumbara necə partlayıb? – Şəmkirdəki hadisənin təfərrüatı / YENİLƏNDİ

Şəmkirdə “VAZ 2105” markalı avtomobildə qumbara partlaması ilə nəticələnən hadisənin bəzi təfərrüatları məlum olub.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə nəticəsində yaralanan Heydərov Nəsib Yusif oğlu ilə Qarayev Binnət Həsən oğlu arasında bir müddət öncə borc üstündə anlaşılmazlıq yaşanıb.

İlkin məlumata görə, Nəsib Heydərov Binnət Qarayevdən pulunu tələb edib.

Bu gün isə B.Qarayev N.Heydərovu görüşə çağırıb. Müəyyən olunan yerə gələn tərəflər arasında mübahisə yaşanıb və məlum hadisə baş verib.

Hazırda hər iki şəxs Gəncə şəhər Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib və onların vəziyyəti ağırdır.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma başlanılıb.

***20:25

Şəmkirdə avtomobilin içərisində qumbaranın partlaması nəticəsində xəsarət alanlar Gəncə şəhərində yerləşən xəstəxanaların birinə köçürülüb.

Məlumata görə, xəsarət alanlar öncə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Orada ilkin tibbi yardım göstərilib və daha sonra Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib.

Onların müalicəsi reanimasiya şöbəsində davam etdirilir.

***19:33

Şəmkir rayonunda qumbara partlaması nəticəsində 2 nəfərin xəsarət alması ilə bağlı Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları dərhal hadisə yerinə gəlib.

​DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, ilkin araşdırmalar nəticəsində hadisənin ki, Binnət Qarayev və Nəsib Heydərov sonuncuya məxsus VAZ 2107 markalı avtomobildə olan zaman B.Qarayevin əlindəki qumbaranın partlaması nəticəsində baş verməsi məlum olub.

“Hazırda B.Qarayevin qumbaranı haradan əldə etməsi və digər xüsusatlar barədə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”.

***18:35

Şəmkirdə valyuta dəyişmə məntəqəsində baş vermiş partlayışdan sonra yaralıların sayı və vəziyyəti dəqiqləşdirilir.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun “Report”averdiyi məlumata görə, hadisə ilə bağlı dərhal Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları həmin ünvana gedib.

“Hazırda yaralıların sayı və vəziyyəti dəqiqləşdirilir. Cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxlərin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”, – məlumatda qeyd olunub.

***17:50

Şəmkirdə valyuta mübadiləsi məntəqəsinə silahlı hücum olub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun “Bazar” adlanan ərazisində qeydə alınıb.

Naməlum şəxslər valyutadəyişmə məntəqəsinə qumbara atıblar. Hadisə zamanı 2 nəfər xəsarət alıb.

Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.