Britaniya kralı III Karl üçün dəbdəbəli şam yeməyi Fransa prezidentinin ofisinə 475 min avroya başa gəlib.
Globalinfo.az xəbər verir ki, bu barədə Fransa audit ofisi məlumat açıqlayıb.
“BBC” yazır ki, Britaniya monarxının şərəfinə qonaqlara mavi omar, çəhrayı makaronlardan ibarət yeməklər və müxtəlif pendirlər verilib.
Auditorlar Məhkəməsi illik hesabatında qeyd edib ki, dövlət qəbullarına ayrılan xərclərin artması prezident aparatının büdcəsində 8,3 milyon avro boşluğa səbəb olub.
“Yelisey sarayı indi prezident administrasiyasının maliyyə balansını bərpa etmək üçün əhəmiyyətli tədbirlər görməlidir”, – deyə auditorlar bildiriblər.
Xərclənən vəsaitin 165 min avrodan çoxu yeməyin özünə xərclənib, içkilər əlavə 40 min avroya başa gəlib. Aktyor Hyu Qrant, futbol meneceri Arsen Venger və “Rolling Stones” qrupunun solisti Mik Caqqerin də yer aldığı ziyafətdə qonaqlara mavi omar və xərçəngdən ibarət menyu, ardınca isə Bresse toyuq əti və göbələk qratin təklif edilib.
Desert üçün isə qızılgül ləçəklərinin kremi, moruq və liçi ilə çəhrayı makaronlar verilib.
Versal sarayındakı ekstravaqant ziyafət kral Çarlzın Fransaya üç günlük dövlət səfərinin bir hissəsi idi.
Qeyd edək ki, 2023-cü ilin iyul ayında Luvrda Hindistanın baş naziri Narendra Modinin şərəfinə verilən ziyafət prezident aparatına 412 min avroya başa gəlib.
Auditorlar hesabatda qeyd ediblər ki, dövlət qəbullarına ayrılan xərclər əvvəlki illə müqayisədə 14 faiz, gəlirlər isə cəmi 6,5 faiz artıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az