“Böyük Britaniya Çaqos adalarını Afrikadakı ada dövləti olan Mavrikiyə qaytaracaq. “The Guardian” nəşrinin yazdığına görə, bu qərar Londonda bir neçə mərhələdə aparılan danışıqlardan sonra əldə olunub. Bununla Böyük Britaniya Afrikadakı son müstəmləkəsindən imtina etmiş olacaq”.
Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Mavriki 1968-ci ildə müstəqilliyini əldə etməsinə baxmayaraq, Böyük Britaniya Hind okeanındakı bu dövlətə məxsus adalara sahibliyindən imtina etməyib:
“Çünki Böyük Britaniya həmin adalardan hərbi baza kimi istifadə edib, hətta 1966-cı ildə müttəfiqi Amerika Birləşmiş Ştatlarına kirayə verib. Beynəlxalq məhkəmə 2019-cu ildə aldığı qərarla Böyük Britaniyanın adalardan imtinasına qərar verib. Qərarda yazılıb ki, hərbi bazanın yaradılması məqsədilə 1970-ci ildə adalardan sakinlərin çıxarılması qanunsuz idi.
Böyük Britaniyanın Çaqos adalarını Mavrikidən qanunsuz qoparıldığına qərar verilib. London Beynəlxalq məhkəmənin qərarına etiraz etməyib və 5 il aparılan danışıqlar nəticəsində adaları sahibinə qaytarmağa qərar verib. Mavriki həmin adaları yenidən məskunlaşdıra bilər.
Buna baxmayaraq, əldə edilən razılaşmaya görə, hərbi baza adalardan çıxarılmayacaq, sadəcə Böyük Britaniya Mavrikiyə kirayə haqqı ödəyəcək. Kirayə müddəti 99 ildir. Bu, Böyük Britaniya və ABŞ üçün Hind Okeanında hərbi varlığını qorumaq üçün mühüm amildir. Digər tərəfdən yeni anlaşma ilə Böyük Britaniya ilə Mavriki arasında gərgin münasibətlərə son qoyulub. İki dövlət arasında razılaşmanın əldə edilməsində Amerika Birləşmiş Ştatları və Hindistanın rolu olub”.
Elxan Şahinoğlu
Ekspert deyib ki, Böyük Britaniya aldığı qərarla bağlı adalara qonşu olan Hindistanı əvvəlcədən məlumatlandırıb:
“Dehli adalar məsələsində hər zaman Mavrikinin mövqeyini dəstəkləyib. Buna görə razılaşmanı da alqışlayıb. Əldə edilən razılaşma ABŞ, Böyük Britaniya, Mavriki və Hindistan arasındakı mübahisəyə qon qoymaqla yanaşı, Çinin bölgədə möhkəmlənməsini əngəlləmək məqsədi də daşıyır. Böyük Britaniya ilə Mavriki arasındakı razılaşma Hind Okeanında müxtəlif dövlətlər arasında yeni əməkdaşlıq imkanları açacaq.
Böyük Britaniya illərdir müstəmləkələrindən imtina siyasətinə üstünlük verərkən, Fransa əksinə müstəmləklərində hərbi və polis rejimini gücləndirir. Parisin Londondan fərqli olaraq müstəmləkələrindən imtina etmək fikri yoxdur. Ancaq həmin müstəmləkələri nəzarətdə saxlamaq və oradakı insanların etirazı ilə mübarizə aparmaq Fransaya ildən-ilə baha başa gəlir”.
Turan Rzayev
Globalinfo.az