ereb ordusu

“Wall Street Journal”da İranla bağlı maraqlı yazı dərc olunub.

Qəzetə müsahibə verən ABŞ və Səudiyyə Ərəbistanı rəsmiləri İranın ölkə daxilindəki etirazlardan diqqəti yayındırmaq üçün yaxın 48 saat ərzində İran tərəfindən hücumun baş verə biləcəyini iddia ediblər. İrandan gələn hədələrdən sonra Səudiyyə Ərəbistanındakı ABŞ qoşunları və krallığın ordusu yüksək hazırlıq vəziyyətinə gətirilib.

Maraqlıdır, İran həqiqətən ölkə daxilindəki etirazlardan diqqəti yayındırmaq üçün Səudiyyə Ərəbistanına hücum edə bilər?

Mövzu ilə bağlı Globalinfo.az-a açıqlama verən politoloq Elxan Şahinoğlu deyib ki, hazırda İranda vəziyyət çox gərgindir:

elxan sahinoglu 3

“İranlı fəal Məhsa Əmininin əxlaq polisləri tərəfindən öldürülməsinin ardından mitinq və küçə yürüşləri davam edir. Mövcud vəziyyətdən çıxış yolu kimi İran hakimiyyəti təcili olaraq islahatlar keçirməli, bu yolla vəziyyəti sabitləşdirməlidir. Lakin rejim hazırda islahatlara meylli deyil. Rejim islahatların keçirilməsindən ehtiyat edir. Buna görə də İranın xarici düşmənlərinin olduğu təəssüratı yaradaraq cəmiyyətin diqqətini yayındırmağa çalışır. Misal üçün, İranın bir müddət öncə İraqın şimalını bombalaması, Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsi, indi də Səudiyyə Ərəbistanını hədəf götürməsi eyni məntiqə söykənir”.

Politoloqun sözlərinə görə, Səudiyyə Ərəbistanı İraq deyil və İran bu ölkəyə zərbə endirərsə, qarşısında tək bu dövləti deyil, böyük bir koalisiyanı görəcək: “ABŞ və Böyük Britaniyadan tutmuş, müxtəlif ərəb ölkələri, hətta İsrailə qədər xeyli sayda dövlət İranı hədəf götürəcəklər, üstəgəl, İranda yaşayan ərəblər də prosesə tamaşa etməyəcək. Verilən məlumatlara görə, Səudiyyə Ərəbistanı ABŞ və bəzi digər ölkələrin orduları hazır vəziyyətə gətirilib”.

Turan Rzayev, Globalinfo.az

Paylaş: