
Ermənistan Baş naziri Nikol Paşinyan ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında Londonda gözlənilən görüş baş tutmadı.
Rəsmi Bakı İrəvanın görüşdən yayınmasını sülh gündəliyinə zərbə kimi qiymətləndirib.
Görüşün baş tutmaması nədən xəbər verir? Paşinyanın imtina etməsinin arxasında Paris, yoxsa Vaşinqton dayanır?
Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, görüşün baş tutmamasına səbəb sərhədlərin delimitasiya və demarkasiya prosesində kəskin fikir ayrılıqlarının olmasıdır:
“Ermənistan Almatı Bəyannaməsindən irəli gələn 1991-ci il sərhədlərini əsas götürür. Halbuki Almatı Bəyannaməsi heç də bu xüsusda əsas ola bilməz. İki ölkə arasında sərhədlərlə bağlı dövlətlərarası müqavilə yoxdur. Ermənistan Kəlbəcər və Zəngəzur istiqamətində (İrəvan Azərbaycanın bu istiqamətdə mövqelərini guya irəli çəkdiyini iddia edir – red.) əlavə təkliflərlə çıxış edir. Məhz bu fikir ayrılıqlarına görə iki dövlət arasında birgə komissiyanın əsasnaməsi təsdiq edilmədi”.
Politoloq qeyd edib ki, ABŞ və Fransanın Ermənistana hərbi dəstəyi, N.Paşinyanın əlavə şərtlərlə çıxış etməsinə gətirib çıxarır:
“Lakin bu o demək deyil ki, ABŞ sülhü istəmir, əksinə Qərbin geopolitik maraqları sülhün tezliklə əldə edilməsini şərtləndirir. Orta Dəhlizin seqmenti olan Zəngəzur yolunun açılması Vaşinqtonun maraqlarına uyğundur. Qərbin Gürcüstanda mövqeyinin zəifləməsi Ermənistanın üzərindən Orta Dəhlizin açılmasını labüd edir. Əgər görüş baş tutsaydı, Zəngəzur yolunun açılması, anklavlar, delimitasiya və demarkasiya prosesində fikir ayrılıqları danışıqlar predmeti olacaqdı. Görünür, Ermənistan rəhbərliyi güzəştə hazır deyil.
O ki qaldı regionda yeni gərginliyin baş verməsinə, bu, hələlik real görünmür. Danışıqlar prosesi davam edir”.
Turan Rzayev
Globalinfo.az