Lavrovun təyyarəsi başqa istiqamətdə uçdu – Səbəb

Rusiya xarici işlər naziri Sergey Lavrovun Şimali Makedoniyaya niyə Bolqarıstan üzərindən deyil, Yunanıstan üzərindən uçduğu məlum olub.

Globalinfo.az lent.az-a istinadən xəbər verir ki, Rusiya XİN sözçüsü Mariya Zaxarova Lavrovun təyyarəsinin Yunanıstan üzərindən Skopyeyə uçmasının səbəbini açıqlayıb.

“Rusofobların şər axmaqlığı o yerə çatıb ki, tariximizdə ilk dəfə olaraq rəsmi orqanlar təyyarənin yox, təyyarədə olan şəxsin səmada olmasını qadağan edib. Bolqarıstan Xarici İşlər Nazirliyinin rəsmi notasında belə yazılıb: təyyarə Bolqarıstan üzərindən uça bilər, amma Mariya Zaxarova təyyarədə uça bilməz. Amma mənim Bolqarıstan üzərindən təyyarəsiz uça biləcəyim və ya bunun üçün kosmik məkandan istifadə etməyin mümkün olub-olmadığı barədə heç nə deyilməyib”, deyə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi teleqram kanalında yazıb.

Qeyd edək ki, Lavrovun Bolqarıstan hava məkanından keçməklə ATƏT Xarici İşlər Nazirləri Şurasına uçacağı gözlənilirdi. Çünki rəsmi Sofya Rusiya XİN başçısına icazə vermişdi.