“Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri iki ölkə arasında ötən ilin fevralında imzalanmış müttəfiqlik, qarşılıqlı fəaliyyətə dair Bəyannamənin müddəalarının müzakirə olunması, eləcə də bu bəyannamənin bir illiyi ilə bağlıdır”.
Bu sözləri Globalinfo.az-a politoloq İlyas Hüseynov Rusiya xarici işlər naziri Sergey Lavrovun fevral ayının sonunda Azərbaycana gözlənilən səfəri haqda danışarkən deyib.
Onun sözlərinə görə, hazırda regionda siyasi danışıqlar müstəvisində intensivlik müşahidə olunur:
“Münxen Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə üçlü görüşün keçirilməsinə nail oldu. Daha sonra panel müzakirələrində də Cənubi Qafqaz dövlətlərinin başçıları regionun spesifik xüsusiyyətlərini müzakirə etdilər. Mühüm debatlar baş tutdu.
Rusiya bu diplomatik görüşlərdən kənarda qalmaq istəmir və təşəbbüsü ələ almaq üçün səy göstərir. Adətən, Lavrov regiona səfər edəndə Ermənistandan sonra Azərbaycana gəlirdi. Bu dəfə yalnız Azərbaycana səfər edəcək və ehtimal ki, Ermənistana səfər reallaşmayacaq. Bu isə sırf Moskva ilə İrəvan arasında münasibətlərin korlanmasının göstəricisidir.
Eyni zamanda, Avropa İttifaqının mülki missiyasının Ermənistana səfəri kontekstində Rusiyada ciddi fiqurlar bu məsələyə münasibət bildiriblər. Lavrov da bu missiyanın geosiyasi cəhətdən zərər verəcəyi ehtimalını irəli sürmüşdü”.
Politoloq qeyd edib ki, İrəvanın avrointeqrasiya yolunu tutması, Qərbdən imdad diləməsi Ermənistan dövlətçiliyi üçün ciddi təhlükələr törədə bilər:
“Bu baxımdan düşünürəm ki, Lavrovun səfəri zamanı çox mühüm regional məsələlər müzakirə olunacaq”
Turan Rzayev
Globalinfo.az