Lavrovu Türkiyəyə gətirən səbəb: Ankara və Moskva nəyə hazırlaşır?

“Rusiya-Türkiyə münasibətləri heç bir üçüncü ölkənin istəyi və ya yaradacağı süni problemlər ilə pisləşə, pozula bilməz. Eynilə yenə hansısa ölkələrin vasitəçiliyi ilə normallaşa da bilməz. Çünki iki ölkə münasibətləri düşünüldüyü kimi qırılqan, kövrək deyil”.

Bu sözləri Globalinfo.az-a politoloq Yeganə Hacıyeva Rusiya xarici işlər naziri Sergey Lavrovun türkiyəli həmkarı Mövlud Çavuşoğlunun dəvəti ilə Ankaraya səfərə gəlməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, Lavrovun indiki məqamda Türkiyəyə səfər etməsi iki ölkə münasibətləri baxımından olduqca vacibdir:

Yeganə Hacıyeva

“Türkiyə və Rusiya münasibətləri çoxşaxəlidir. İki ölkə iqtisadi və siyasi tərəfdaşdır. Fərqli regionlarda ortaq baxışları var. Bununla belə bu gün Türkiyə və Rusiyanı bir-birinə yaxınlaşdıran əsas səbəb Qərbin və ABŞ-ın hər iki ölkənin prezidentinə qarşı baxışıdır. Aydın məsələdir ki, nə Rəcəb Tayyib Ərdoğan, nə də Vladimir Putin Qərbdə sevilmir. Rusiya prezidentinin Ukrayna ilə müharibəyə görə sevilmədiyi bəllidir. Lakin Türkiyə ilə bağlı vəziyyət bir qədər fərqlidir.

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə tarixinin ən uğurlu liderlərindədir. Təsadüfi deyil ki, Türkiyə onun iqtidarı dövründə üçüncü dünya ölkəsi statusundan lider ölkə statusuna qədər yüksəldi. Türkiyə iqtisadiyyatı bu gün dünyanın 20 ən böyük iqtisadiyyatından biridir. Bütün bu və digər səbəblərə görə Qərb Ərdoğanın hakimiyyətdən getməsini istəyir.

Qərb və ABŞ daha çox Ukrayna Prezidenti Volodimir Zelenski və ya Gürcüstandakı hakimiyyəti kimi sözə baxan, deyiləni edən bir prezidentin Türkiyə və Rusiyada hakimiyyətdə olmasını istəyir.

Hesab edirəm, məhz bu reallıqlar fonunda Lavrovun Türkiyəyə səfər etməsi iki ölkə münasibətləri baxımından vacibdir.

Turan Rzayev
Globalinfo.az