Lavrovdan Paşinyana xəbərdarlıq…

“Ermənistanın KTMT-dən çıxmaqla bağlı bəyanatları onun suveren seçimidir”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlaması zamanı bildirib:

“Bu, onun suveren seçimidir, Ermənistan rəhbərliyinin seçimidir”.

“Əgər Ermənistanın bəzi liderlərinin bəyan etdiyi kimi, onlar indi Rusiya və KTMT-dən məyus olub, öz təhlükəsizliklərini gücləndirmək üçün həmkarları arasında axtarış aparacaqlarsa, bu, onların suveren seçimidir, Ermənistan rəhbərliyinin seçimidir. Amma mən hələ də ümid edirəm ki, rus xalqı ilə erməni xalqı arasında əsrlər boyu mövcud olan əlaqələri heç bir müvəqqəti administrasiya poza bilməz”, – Lavrov “Valday” beynəlxalq diskussiya klubunun iclasından sonra jurnalistlərə açıqlamasında bildirib.

Lavrovun “müvəqqəti administrasiya” sözü ilə Paşinyan hakimiyyətinə xəbərdarlıq etdiyi iddia olunur.

Qeyd edək ki, 2023-cü ilin yanvarında Ermənistan hakimiyyəti ərazilərində KTMT təlimləri keçirməkdən imtina etdiyini vurğulayıb. Sentyabrda isə İrəvanın KTMT-dəki daimi nümayəndəsi geri çağırılıb. Elə həmin ay Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, KTMT  ölkəsinin xarici təhlükəsizliyini təmin etmək üçün kifayət etmir.