it

Xırdalanda sahibsiz itin market əməkdaşına hücum etməsi ictimaiyyətdə narahatlıq yaradıb. Bu, sahibsiz itlərin zərərsizləşdirilməsi mövzusunu aktuallaşdırıb. Mayın 31-də Tovuzun Yuxarı Öysüzlü sakininə də sahibsiz it hücum edib, ciddi xəsarət yetirib, xəstəxanaya yerləşdirilib. Digər tərəfdən, belə hadisələr fonunda sahibsiz itlərlə bağlı dəfələrlə fərqli təkliflər səsləndirilib: quduzluğa qarşı peyvənd edilməsi, qısırlaşdırılması, heyvan sığınacaqlarında saxlanması və sair. Amma bildirilir ki, ölkədə bu cür heyvanların hamısına deyilənləri tətbiq etmək mümkün deyil.

Bəs nələr edilməlidir?

Globalinfo.az-a danışan təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev deyib ki, sahibsiz itlər problemi ictimai təhlükəsizlik məsələsidir:

“Mövcud vəziyyətə yalnız heyvansevərlik və ya cəzalandırma prizmasından yanaşmaq düzgün deyil. Burada balanslı və sistemli yanaşmaya ehtiyac var. Əvvəla, sahibsiz itlərin kütləvi şəkildə məhv edilməsi problemin həlli deyil. Dünya təcrübəsi göstərir ki, bir ərazidə itlər götürüldükdən sonra boşalan ərazi qısa müddətdə digər sahibsiz heyvanlarla doldurulur. Buna görə də əsas məqsəd onların sayının nəzarət altına alınması olmalıdır. Lakin eyni zamanda, insan həyatı və sağlamlığı prioritet məsələdir. Aqressiv davranış göstərən, insanlara hücum edən, quduzluq şübhəsi olan heyvanlar küçədən götürülməli, müayinə edilməli və təhlükə yaradırsa xüsusi nəzarətə alınmalıdır. Bu məsələdə gecikmələr yeni faciələrə səbəb ola bilər”.

orxan musayev e1757281124932

Orxan Musayev

Ekspert bildirib ki, qısırlaşdırma və peyvənd proqramları genişləndirilməlidir:

“Bu tədbirlər bir neçə ayın deyil, illərin nəticəsini verir. Yerli icra hakimiyyətləri, bələdiyyələr və aidiyyəti qurumlar koordinasiyalı şəkildə çalışmalıdırlar. Əks halda problem bir rayondan digərinə ötürüləcək. Digər vacib məsələ qida mənbələrinin nəzarətə götürülməsidir. Açıq zibil sahələri və nəzarətsiz tullantılar sahibsiz itlərin sürətlə çoxalmasına şərait yaradır. Sanitariya tədbirləri gücləndirilmədən heyvanların sayını azaltmaq çətin olacaq. Uşaqlar və yaşlılar ən həssas qruplardır. Məktəblərdə və ictimai yerlərdə insanlara sahibsiz itlə qarşılaşdıqda necə davranmaq lazım olduğu barədə maarifləndirmə aparılmalıdır. Qaçmaq, heyvana daş atmaq və ya onu qıcıqlandırmaq hücum riskini artırır”.

Ləman İmran
Globalinfo.az

Paylaş: