
İsrail və İran arasında artan gərginlik bölgədə genişmiqyaslı humanitar fəlakət təhlükəsini gündəmə gətirib. Bildirilir ki, münaqişə minlərlə insanın Türkiyə və Pakistan, eləcə də Azərbaycana doğru miqrasiyası ilə nəticələnə bilər. Hazırkı durumun yarada biləcəyi həm sosial, həm də iqtisadi təzyiqləri müzakirə edilir.
Globalinfo.az-a danışan deputat Azər Allahverənov deyib ki, münaqişə zonasındakı əməliyyatların miqyası artdıqca, mülki əhali ilk növbədə daha təhlükəsiz ərazilərə, eləcə də qonşu ölkələrə üz tutur:
“Yaxın Şərqdəki hərbi münaqişələr göstərdi ki, həmin bölgələrdə yaşayan insanlar çevik miqrasiya davranışına malikdirlər. İran-İsrail qarşıdurması da bu qəbildəndir. Burada yaşayan çox sayda insan başqa ölkələrə sığınmaq istəyir. Belə qaçqın axınlarının istiqaməti əsasən Türkiyə, Pakistan və Azərbaycan ola bilər. Rəsmi İslamabad artıq İranla sərhədin bağlanması barədə qərar verib. Bu o deməkdir ki, axın xüsusilə Türkiyəyə yönələcək. Həmin şəxslər sonrakı mərhələdə bu ölkə üzərindən Avropa ölkələrinə üz tuta və sığınmağa cəhd edə bilərlər. Azərbaycan da bu axından kənarda deyil. Bu, humanitar böhrana gətirib çıxara bilər. Hazırda İranla quru sərhədlərimiz bağlıdır. Bu qərar ölkənin təhlükəsizliyini təmin etmək məqsədini güdür”.

Azər Allahverənov
Millət vəkili bildirib ki, Azərbaycan sabit və təhlükəsiz ölkə olduğuna görə miqrant axını ilə üzləşə bilər:
“Belə halda giriş yalnız hüquqi yollarla təmin edilməlidir. Hazırda aidiyyəti qurumlar bu istiqamətdə tədbirlər görür. Ümumiyyətlə, rəsmi Bakı regionda davamlı münaqişə vəziyyətinin qalmasında maraqlı deyil. Əksinə, böhranın tezliklə sülh yolu ilə həll olunacağına ümid edirik. Regionda sabitliyin bərpası üçün dəstək göstərməyə hazırıq”.
Ləman Hüseynzadə
Globalinfo.az