Moldovanın müxalif Sosialist Partiyasının lideri İqor Dodon Avropada Rusiya, ABŞ və Çin arasında münasibətlərin, eləcə də vətənpərvər siyasi qüvvələrin güclənməsinin geniş müzakirə olunduğunu bildirib.
Globalinfo.az xəbər verir ki, Dodon bu barədə Brüsselə səfərindən sonra özünün teleqram kanalında paylaşım edib. O, səfəri çərçivəsində Frankofoniya Parlament Assambleyasının 38-ci Regional Assambleyasının plenar iclasında iştirak edib.
Siyasətçinin sözlərinə görə, Avropada hazırda iki əsas mövzu diqqət mərkəzindədir. Bunlardan biri Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Çin Prezidenti Si Cinpin arasında keçirilən sammit, digəri isə Avropa ölkələrində siyasi dəyişikliklər və milli suverenliyi müdafiə edən qüvvələrin mövqelərinin güclənməsidir.
Dodon hesab edir ki, Moldova da xarici siyasət strategiyasına yenidən baxmalı və milli maraqlarını bütün qərarların əsasına çevirməlidir.
“Moldova Respublikasının milli maraqları bütün qərarlarımızda və beynəlxalq danışıqlarımızda prioritet olaraq qalmalıdır”, – deyə o vurğulayıb.
Tahir Turan
Globalinfo.az