“Prezident İlham Əliyevin Vyetnama səfəri iki ölkə arasında əlaqələrin möhkəmlənməsi, əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi, hətta üçüncü ölkələrdə birgə layihələrin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır”.
Bunu Globalinfo.az-a açıqlamasında deputat Aydın Mirzəzadə deyib.
O bildirib ki, Azərbaycan və Vyetnam coğrafi baxımdan bir-birindən uzaqda yerləşsələr də, artıq yaxınlaşan və qarşılıqlı əlaqələr qurmaqda maraqlı olan ölkələrdir:
“Hər iki dövlət iqtisadiyyatını yenidən qurur və beynəlxalq aləmdə layiqli yer tutmağa çalışır. Azərbaycan Cənubi Qafqazın və Şərq dünyasının diqqət mərkəzində olan ölkələrindən biridir. Vyetnam isə Cənub-Şərqi Asiyanın aparıcı dövlətlərindəndir. Onun Çin, Tayland, İndoneziya, Malayziya və Sinqapurla münasibətləri coğrafi qonşuluqdan daha çox iqtisadi əməkdaşlıq müstəvisinə keçib.
Aydın Mirzəzadə
Hər iki ölkə beynəlxalq münasibətlərdə əməkdaşlığın, dostluğun, sülhün və sabitliyin tərəfdarıdır. Bu baxımdan, bizi birləşdirən ortaq cəhətlər çoxdur”.
Deputat qeyd edib ki, Azərbaycanın neft-qaz emalı, enerji resurslarının dünya bazarına çıxarılması və energetika sahəsində böyük təcrübəsi var:
“Təbii sərvətlərdən milli maraqlara uyğun istifadə sahəsində Azərbaycanın təcrübəsi də beynəlxalq diqqət mərkəzindədir. Bütün bu məsələlər Vyetnamla əməkdaşlıq çərçivəsində müzakirə oluna bilər. Bununla yanaşı, mədəniyyət, incəsənət və təhsil sahələrində əməkdaşlıq, müxtəlif qruplar arasında qarşılıqlı səfərlərin təşkili də müzakirə mövzuları sırasındadır. Prezidentimizin Vyetnamda böyük hörmətlə qarşılanması həm dövlət başçısına, həm də Azərbaycana bu ölkədə yüksək ehtiram göstərildiyini və Vyetnamın ikitərəfli münasibətlərə xüsusi önəm verdiyini bir daha nümayiş etdirir”.
Ləman İmran
Globalinfo.az